TALAQ SURƏSİ
MƏDİNƏ DÖVRÜ

TALAQ SURƏSİ

Nəcm: 600

1. Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları iddə[i] müddətində boşayın və iddəni hesablayın. Və Rəbbiniz Allahın mühafizəsi altına daxil olun. Açıq-aşkar bir azğınlıq, iffətsizlik etməyincə, onları evlərindən çıxarmayın, onlar özləri də çıxmasınlar. Bunlar Allahın [müəyyən etdiyi] hədlərdir. Kim, Allahın hədlərindən kənara çıxsa, əlbəttə özünə haqsızlıq etmiş olar. Sən nə bilirsən, ola bilər ki, Allah bundan sonra bir iş ortaya çıxarsın.

2,3. Artıq, müddətlərinin sonuna çatanda onları adət-ənənəyə uyğun / hər kəs tərəfindən məqbul hesab edilən bir şəkildə saxlayın, yaxud adət-ənənəyə uyğun / hər kəs tərəfindən məqbul hesab edilən bir şəkildə onlardan ayrılın. Və aranızdan ədalətli iki nəfəri şahid tutun. Şahidliyi də Allah üçün edin. Bax bu, Allaha və qiyamət gününə iman gətirən kəsə verilən öyüd-nəsihətlərdəndir. Və kim Allahın mühafizəsi altına daxil olsa, Allah ona bir çıxış yolu göstərər və ona gözləmədiyi bir yerdən ruzi bəxş edər. Kim də işin nəticəsini Allaha tapşırsa, O, ona kifayət edər. Şübhəsiz ki, Allah Öz əmrini yerinə yetirəndir. Allah, şübhəsiz ki, hər şey üçün bir ölçü qoymuşdur, müəyyən etmişdir.

(99/65, Talaq / 1-3)

Nəcm: 601

4. Və qadınlarınızın heyzdən kəsilənlər və heyz olmayanlar; əgər şübhə edirsinizsə, onların gözləmə müddəti üç aydır. Hamilə olanların da gözləmə müddəti, yüklərini yerə qoymaları; doğmaları yaxud da uşaq salmalarıdır. Kim Allahın mühafizəsi altına daxil olsa, Allah onun işini də asanlaşdırar.

(99/65, Talaq / 4)

Nəcm: 602

5. Bax bu, Allahın sizə nazil etdiyi hökmüdür. Kim də Allahın mühafizəsi altına daxil olsa, Allah onun pisliklərini örtər və onun mükafatını artırar.

6. O qadınları, imkanınız çatdığı qədər öz yaşadığınız yerin bir hissəsində sakin edin və onları sıxışdırmaq məqsədilə onlarla bir-birinizin ziyanına olacaq şeylər etməyin. Əgər hamilədirlərsə, yüklərini yerə qoyana qədər onlar üçün xərcləyin / xərclərini çəkin. Sonra sizin üçün uşaq əmizdirsələr, onlara əvəzini verin və öz aranızda adət-ənənəyə uyğun / hər kəs tərəfindən məqbul hesab edilən bir tərzdə məşvərət edin. Və əgər çətinlik çəksəniz, xərcini ata çəkməklə, başqa bir qadın əmizdirsin.

7. Geniş imkanları olanlar, geniş imkanlara görə xərcləsinlər / ehtiyacları qarşılasın. Ruzisi məhdud olan isə Allahın ona verdiyindən versin. Allah, heç bir adamı, ona verdiyindən başqasına [artığına] məcbur etməz. Allah, bir çətinlikdən sonra bir asanlıq əta edər.

(99/65, Talaq / 5-7)

Nəcm: 603

8. Neçə-neçə şəhərlər var ki, Rəbbinin və Onun elçilərinin əmrinə üsyan etdi və Biz də onları çətin bir hesaba çədik və onları görünməmiş, eşidilməmiş bir əzaba düçar etdik.

9. Beləliklə, onlar əməllərinin cəzasını gördülər. Əməllərinin nəticəsi də tamamilə ziyana / itkiyə məruz qalaraq acı çəkmək olmuşdur.

10,11. Allah, onlara şiddətli bir əzab hazırlamışdır. O halda, ey anlayış qabiliyyəti olan iman etmiş kəslər! Allahın mühafizəsi altına daxil olun. Həqiqətən Allah, iman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəsləri, qaranlıqlardan işığa çıxartmaq üçün, sizə bir öyüd-nəsihət, sizə Allahın açıq-aşkar ayələrini / işarətlərini / nişanlarını oxuyan bir elçi göndərdi. Və hər kim Allaha inansa və saleh əməl işləsə, Allah onu, altlarından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edər. Allah, onun üçün ruzini gözəlləşdirmişdir.

12. Allah, yeddi göyü və yerdən də bir o qədərini əmələ gətirəndir. Allahın hər şeyə qadir olduğunu və Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, [Allahın] əmri göylər və yer arasında elə hey nazil olar.

(99/65, Talaq / 8-12)

Dipnot:

[i] Bax: 450, 452, 514 vǝ 601 nömrǝli nǝcmlǝr.