YUSİF SURƏSİ
MƏKKƏ DÖVRÜ

YUSİF SURƏSİ

Nəcm: 195

1. Əlif / 1, Lam / 30, Ra / 200.[i] Bax bu, o, açıq-aydın / açıqlayan kitabın ayələridir.

2. Şübhəsiz  ki, Biz onu düşünəsiniz deyə, ərəbcə Quran olaraq nazil etdik.

3. Sənə bu Quranı vəhy etməklə Biz, sənə qissələrin ən gözəlini[ii] nəql edirik. Halbuki sənin, bundan əvvəl, bu mövzu haqqında həqiqətən məlumatın / xəbərin yox idi.

4. Bir zaman Yusif atasına demişdi: “Atacan! Şübhəsiz ki, mən on bir ulduz, günəş və ay gördüm; onların mənə boyun əyib tabe olduqlarını gördüm”[iii] demişdi.

5,6. Atası dedi: “Oğlum! Gördüyünü qardaşlarına danışma. Sonra sənə bir hiylə qurarlar. Şübhəsiz ki, şeytan insanın açıq-aydın düşmənidir. Və beləcə, Rəbbin səni seçəcək və sənə hadisələrin / sözlərin ilk mənalarının nə olduğuna dair elm öyrədəcək. Bundan əvvəlki iki əcdadına; İbrahimə və İshaqa nemətini tamamladığı kimi, sənə və Yəqub nəslinə də nemətini tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [bir şeyi əmələ gətirərkən] möhkəm edəndir.”

7. –And olsun ki, Yusif və onun qardaşlarının [qissəsində] soruşanlar / istəyənlər üçün nə qədər işarətlər / nişanələr vardır.–

8,9. Yusifin qardaşları bir zaman: “Yusif və qardaşı atamıza bizdən daha əzizdir, biz isə güclü və bir-birimizə bağlı bir dəstəyik. Həqiqətən, atamız mütləq çox açıq-aşkar çıxmaz bir yoldadır. Yusifi öldürün və ya elə bir yerə atın ki, atanız tamamilə sizə qalsın, sonra da siz saleh bir tayfa olarsınız” demişdilər.

10. Onlardan biri, “Yusifi öldürməyin, onu o quyunun dibinə atın ki, oradan keçən karvanın biri onu tapıb götürsün. Əgər edəcəksinizsə belə edin.” dedi.

11,12. Onlar dedilər ki: “Ey ata! Sən nə üçün bizə Yusifi etibar etmirsən? Halbuki biz həqiqətən Onun yaxşılığını istəyirik. Sabah Onu bizimlə birlikdə göndər, bol-bol yesin, oynasın. Və şübhəsiz ki, biz onu həqiqətən qoruyarıq.”

13. Ataları dedi ki: “Onu aparmağınız məni kədərləndirər və siz ona qarşı laqeyd / maraqsız olduğunuz halda, onu qurd yeməsindən qorxuram.”

14. Yusifin qardaşları dedilər ki: “And olsun ki, biz belə güclü-qüvvətli bir dəstə ikən onu qurd yesə, onda şübhəsiz ki, biz həqiqətən zərərə / itkiyə məruz qalıb əzab çəkənlərdən olarıq.”

15. Nəhayət, Yusifin qardaşları, Yusifi apardılar və birgə o quyunun dibinə atmaq qərarına gəldilər. Biz də Yusifə vəhy etdik: “And olsun ki, sən onlara gələcəkdə, onlar heç fərqində olmadıqları halda bu işlərini xəbər verəcəksən.”

16. Və axşam vaxtı, ağlaya-ağlaya atalarının yanına gəldilər.

17. Onlar dedilər ki: “Ey ata! Şübhəsiz ki, biz yarışa-yarışa getdik. Yusifi da əşyalarımızın yanında qoymuşduq. Bir də baxdıq ki, onu qurd yeyib. Və biz doğru kəslər olsaq da, sən bizə inanmayacaqsan.”

18. Bir də köynəyinin üstündə yalandan bir qan gətirdilər. Ataları dedi ki: “Əksinə, nəfsiniz aldadıb sizə bir iş gördürmüş. –Artıq gözəl bir səbr!– Bu dediklərinizin müqabilində ancaq Allahın köməyinə sığınmaq olar.”

***

19. Və yol keçən bir karvan gəldi, öz suçularını göndərdilər. O da vedrəsini quyuya saldı, “Müjdə, hey, müjdə! Bax, bir oğlan!” dedi. Və onu bir ticarət malı kimi gizləyib qorudular. Allah isə onların nə edəcəklərini bilirdi.

20. Və onu aşağı qiymətə; bir neçə gümüş pula satdılar. Onlar Yusifin satılmasında aza qane olanlardan idilər.

21. Və onu alan misirli kişi, arvadına: “Onunla hörmətlə rəftar et. Bizə faydalı ola bilər, yaxud da onu övladlığa götürərik” dedi. Və Biz, Yusifi beləliklə yer üstündə yerləşdirdik… Və ona hadisələrin / sözlərin ilk mənalarının nə olduğuna dair elmləri öyrədək deyə… Və Allah, Öz əmrində [işində] qalibdir. Lakin insanların çoxu bunu bilmir.

22. Və Yusif, tam yetkinlik çağına gəlincə, ona elm və hökm verdik. Və Biz, yaxşı işlər görənlərə bax belə cavab verərik.

***

23. Və evində olduğu xanım, onun nəfsindən kam alıb faydalanmaq istədi, qapıları bağladı və “Haydı, bəri gəl!” dedi. Yusif: “Allaha sığınıram! Həqiqətən ərin, mənim ağam / Rəbbim; Allah, məni gözəl bir məqama yerləşdirdi. Şübhəsiz ki, səhv; öz zərərinə olan əməli işləyənlər nicat tapmazlar.” dedi.

24. Və and olsun o xanım, onunla bağlı niyyətini tutmuşdu. Əgər Yusif Rəbbinin açıq dəlilini görməsə idi, [o da] o qadınla bağlı niyyət tutardı. Ondan zinanı və pisliyi uzaqlaşdırmağımız üçün belə oldu. Şübhəsiz ki, o, Bizim paklaşdırılan bəndələrimizdən idi.

25. Və ikisi də qapıya [doğru] qaçdılar. Xanım, onun köynəyini arxadan cırdı. Və qapının yanında o xanımın ağasıyla qarşı-qarşıya gəldilər. O xanım: “Sənin əhlinə pislik etmək istəyən adamın cəzası, zindana salınmaqdan və ya ağrılı bir əzabdan başqa nə ola bilər?” dedi.

26,27. Yusif: “O, məndən, nəfsimdən faydalanmaq istədi” dedi. Və o xanımın yaxınlarından bir şahid şahidlik etdi: “Əgər Yusifin köynəyi öndən cırılmışsa, xanım doğru söyləmişdir, Yusif da yalançılardandır. Və əgər Yusifin köynəyi arxadan cırılmışsa, xanım yalan söyləmişdir, Yusif də doğru danışanlardandır.”

28,29. Nə zaman ki, Yusifin ağası, Yusifin köynəyinin arxadan cırıldığını gördü, “Şübhəsiz ki, bu, siz qadınların hiyləsidir. Həqiqətən də sizin hiyləniz çox böyükdür. Yusif! Sən bu [hadisəni] yaddan çıxar. Qadın! Sən də günahın üçün əfv dilə. Şübhəsiz ki, sən səhv edənlərdən oldun.” dedi.

***

30. Şəhərdə qadınlar da: “Əzizin arvadı, oğlanın nəfsindən kam almaq istəyirmiş. Həqiqətən, məhəbbət onun ürəyinə işləyib. Şübhəsiz ki, biz, onu həqiqətən açıq-aşkar bir azğınlıq içində görürük.” dedilər.

31. Sonra Əzizin arvadı, onların gizlidən-gizliyə dedi-qodu yaydıqlarını eşitdikdə, onların arxasınca elçi göndərdi və onlara yastıq / meyvə; gözəl bir süfrə hazırladı. Və onlardan hər birinə bir bıçaq verdi. Və “Onların qarşısına çıx!” dedi. Və onlar Yusifi görən kimi onu öz gözlərində çox böyütdülər və əllərini kəsdilər. Və “Tövbə! Doğrusu, bu bir bəşər deyil, ancaq çox şərəfli bir mələkdir.” / “Tövbə, bu satın alınmış bir kölə deyil, ancaq çox şərəfli bir şahzadədir” dedilər.

32. Əzizin zövcəsi: “Budur, bu gördüyünüz, o şəxsdir ki, məni onun barəsində qınayırdınız. And olsun ki, mən onun nəfsindən faydalanmaq istədim, ancaq o namuslu hərəkət etdi. Yenə and olsun ki, əmrimi yerinə yetirməsə, mütləq zindana atılacaq və həqiqətən etibarsızlığa düçar olacaq.” dedi.

33. Yusif: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər Sən, bunların hiyləsini məndən dəf etməsən, mən onların tələsinə düşərəm və cahil kəslərdən olaram” dedi.

34. Belə olduqda Rəbbi, ona cavab verdi və ondan onların hiyləsini dəf etdi. Şübhəsiz ki, O, bəli O, layiqincə eşidən, layiqincə biləndir.

35. Sonra bu qədər dəlili gördükdən sonra bir müddət üçün onu zindana salmaq qərarı meydana çıxdı.

***

36. Və zindana onunla birgə iki cavan da girdi. Onlardan biri: “Həqiqətən, mən gördüm ki, şərab sıxıram.” dedi. O biri də: “Həqiqətən, mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Bizə bunun yozumunu xəbər ver. Şübhəsiz ki, biz səni yaxşılıq / gözəllik edənlərdən [biri kimi] görürük.” dedi.

37-41. Yusif: “Sizə veriləsi yemək gəlməmişdən əvvəl mən onun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Şübhəsiz ki, mən, Allaha inanmayan bir qövmün –onlar axirəti bilərək inkar edənlər; inanmayanlardır– dinini, həyat tərzini tərk etdim. Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə, həyat qanununa tabe oldum. Bizim, Allaha heç bir şeyi şərik tutmağımız mümkün deyil. Bu, Allahın bizə və insanlara bir nemətidir. Lakin insanların çoxu özlərinə verilən nemətlərin əvəzini ödəmirlər. Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı bir çox rəbblərmi daha yaxşıdır, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı? Sizin, Onun altındakılardan ibadət etdikləriniz [şeylər] sizin və əcdadınızın uydurduğu bəzi adlardan başqa bir şey deyil. Bunlara ibadət etmək barəsində Allah heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O, sizə, Özündən başqasına ibadət etməməyi əmr etdi. Bax bu, doğru / hifz edən dindir. Lakin insanların çoxu bunu bilmir. Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz yenə ağasına şərab verəcək. Digəri də asılacaq və quşlar onu başından yeyəcək. Budur, yozumunu istədiyiniz iş [belə] gerçəkləşdi.” dedi.

42. Və Yusif o iki nəfərdən, xilas olacağını qəti bildiyi adama, “Ağa / hökmdar bildiyin adamın yanında məni yad et!” dedi. Sonra mənliyi ona yada salmağı tərk etdirdi. Beləcə, Yusif, beş-on il zindanda qaldı.

***

43. Və hökmdar dedi ki: “Şübhəsiz ki, mən yeddi cılız inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbüllə yeddi quru sünbül görürəm. Ey əyanlar! Siz görünüş / əks yoza bilirsinizsə, məni bu görünüş haqqında inandırıb məlumatlandırın.”

44. Əyanlar dedilər ki: “Qarmaqarışıq görünüşlərdir. Biz isə belə qarmaqarışıq görünüşlərin yozumunu bilənlər deyilik.”

45. Və o iki [nəfərdən] xilas olanı, iş işdən keçdikdən sonra xatırlayaraq dedi ki: “Mən sizə o görünüşün qəti olaraq nəyi ifadə etdiyini xəbər verərəm, dərhal məni göndərin.”

***

46. “Yusif! Ey doğru sözlü! Məlumat alaraq insanların yanına qayıdım və onlar da öyrənsinlər deyə, ‘Yeddi kök inəyi yeddi cılız inəyin yeməsi və yeddi yaşıl sünbüllə yeddi quru sünbül’ haqqında bizə inandırıcı məlumat ver.”

47-49. Yusif dedi ki: “Yeddi il adət üzrə əkinçilik edəcəksiniz; hər cür qida məhsulunu yetişdirəcəksiniz, sonra da yetişdirdiyiniz məhsullardan yediyiniz miqdar istisna olmaqla, qalanını sünbüldə saxlayın, ehtiyat yığın. Sonra onun arxasından yeddi quraq il gələcək. Bu quraq illərdə, əvvəlki tədarükünüzü yeyəcəksiniz, az bir miqdar saxlayacaqsınız. Sonra da onun arxasından bir il gələcək ki, insanlar onda yağışa qovuşacaq və onda [o ildə] sıxıb sağacaqlar; zeytun yağı, üzüm suyu, bəkməz kimi qidalara da qovuşacaqlar; həyat normallaşacaq.”

***

50. Və o hökmdar, “Onu mənə gətirin!” dedi. Sonra nə zaman ki, elçi Yusifin yanına gəldi, Yusif ona dedi ki: “Ağanın yanına geri qayıt və soruş görək, o əllərini kəsən qadınların məqsədi nə imiş? Heç şübhə yox ki, Rəbbim, onların hiylələrini çox yaxşı bilir.”

51. Hökmdar: “Yusifin nəfsindən kam almağa çalışdığınız zaman nə olmuşdu?” dedi. Qadınlar: “Tövbə, Allah üçün, biz onun əleyhinə [olacaq] heç bir pislik bilmədik” dedilər. Əzizin arvadı da: “İndi haqq və həqiqət olduğu kimi ortaya çıxdı. Onun nəfsindən mən kam almaq istədim. O isə şəksiz-şübhəsiz doğru danışanlardandır.

52. –Bax bu, Yusifin, kimsəsiz bir yerdə mənim ona xəyanət etmədiyimi və həqiqətən Allahın xainlərin hiyləsinə bələdçi olmadığını bilməsi üçündür.–

53. Və mən nəfsimi təmizə çıxartmıram. Şübhəsiz ki, nəfs, pis işləri şiddətlə əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla. Şübhəsiz ki, Rəbbim çox bağışlayandır, çox rəhm edəndir!” dedi.

54. Və hökmdar: “Onu mənə gətirin, onu özüm üçün [bir işə] təyin edim” dedi. Sonra onunla söhbət etdikdən sonra: “Şübhəsiz ki, sən bu gün yanımızda həqiqətən əhəmiyyətli bir mövqe sahibisən, etibarlı bir şəxssən!” dedi.

55. Yusif dedi ki: “Məni yer üzünün xəzinələrinə məmur təyin et. Şübhəsiz ki, mən, yaxşı qoruyan, çox yaxşı bilənəm.”

56. –Və Biz bax beləcə Yusif üçün o yerdə iqtidar; ölkənin idarə edilməsi vəzifəsini verdik. Harada istəsə orada mənzil salırdı. Biz mərhəmətimizi istədiyimiz şəxsə nəsib edirik. Və yaxşılıq edənlərin mükafatını itirmərik.

57. Və iman edən və Allahın mühafizəsi altına daxil olan insanlar üçün əlbəttə axirət mükafatı daha xeyirlidir.–

***

58. Yusifin qardaşları gəldilər, onun yanına daxil oldular. O, onları dərhal tanıdı, onlar isə onu tanımadılar.

59,60. Nə zaman ki, onların təchizatını hazırladı, “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz ölçdüyümü və qonaq qəbul edənlərin ən yaxşısı olduğumu görmürsünüz? Siz əgər onu yanıma gətirməsəniz, bir daha sizə heç taxıl yoxdur, yanıma da yaxınlaşmayın!” dedi.

61. Onlar: “Onu atasından istəməyə çalışarıq və şübhəsiz biz həqiqətən [bunu] edərik” dedilər.

62. Və Yusif məmurlarına: “Ailələrinin yanına qayıtdıqda fərqinə varsınlar və yenə gəlsinlər deyə, sərmayələrini yüklərinin içinə qoyun!” dedi.

***

63. Beləliklə, atalarının yanına qayıtdıqda: “Ey ata! Bizə taxıl qadağan edildi; bizə taxıl verilməyəcək. Onun üçün bu dəfə qardaşımızı bizimlə göndər ki, taxıl ala bilək. Və biz onu həqiqətən qoruyacağıq” dedilər.

64. Ataları dedi ki: “Mən onu sizə əmanət edərəmmi? Bundan əvvəl qardaşını; Yusifi əmanət etdiyimdə [vəziyyət] başqa [idi]! Allah hifz edənlərin ən xeyirlisidir. Və O, rəhm edənlərin ən rəhmlisidir.”

65. Və yüklərini açdıqları zaman sərmayələrinin özlərinə qaytarıldığını gördülər. Dedilər ki: “Ey atamız! Daha nə istəyirik? Bax, sərmayələrimiz bizə qaytarılmış. Bununla ailəmizə taxıl alıb gətirər, qardaşımızı də qoruyarıq, üstəlik bir dəvə yükü artıq taxıl alarıq. Bu aldığımız, çox asan / çox az bir taxıldır.”

66. Ataları dedi ki: “Ətrafınız mühasirə edilmədiyi / hamınız çarəsiz qalmadığı təqdirdə, onu mənə həqiqətən gətirəcəyinizə dair Allaha and içib söz verməsəniz, onu qətiyyən sizinlə birgə göndərmərəm.” Onlar atalarına təminat verdikdə, ataları: “Bu dediklərimizi Allahın, müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirənin yönləndirməsi ilə etdik” dedi.

67. Və dedi ki: “Ey balalarım! Bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Mən, Allahdan [gələn] heç bir şeyi sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən, sadəcə nəticəni Ona tapşırdım. Artıq təvəkkül edənlər də ancaq Ona təvəkkül etməlidirlər.”

***

68. Və nə zaman ki, şəhərə gəldilər, o zaman atalarının onlara əmr etdiyi şəkildə girdilər. Bu, onlar haqqında Allahdan [gələn] heç bir şeyi dəf edə bilməzdi, bu yalnız Yəqubun öz içindən keçirdiyi bir istəyin reallaşması oldu. Və şübhəsiz ki, o, ona öyrətdiyimiz üçün məlumat sahibi idi. Lakin insanların çoxu bunu bilmir.

69. Və Yusifin yanına daxil olanda, Yusif, qardaşını yanına aldı: “Həqiqətən, mən sənin qardaşının elə özüyəm! Bundan ötrü onların etmiş olduqlarından kədərlənmə!”

70. Sonra Yusif onların vacib yüklərini, mallarını hazırlayanda, su qabını qardaşının yükünün içinə qoydu. Sonra bir müəzzin; carçı səsləndi: “Ey karvan! Şübhəsiz ki, siz həqiqətən oğrusunuz!”

71. Karvandakılar onlara dönərək, “Nə itirmisiniz?” dedilər.

72. Məmurlar dedilər ki: “Hökmdarın su qabını itirmişik və onu gətirənə bir yük taxıl veriləcək. Mən də buna zaminəm.”

73. Karvandakılar: “Allaha and olsun ki, qəti surətdə, siz də bilirsiniz ki, biz, yer üzündə / burada fitnə-fəsad törətmək üçün gəlməmişik. Biz oğru da deyilik.” dedilər.

74. Məmurlar: “Əgər yalan danışırsınızsa, oğurluq edənin cəzası nədir?” dedilər.

75. Karvandakılar dedilər ki: “Onun cəzası, kimin yükündə çıxsa, onun özü [bu işin] cəzasısır / onu tutub saxlayarsınız, [bu işin] cəzasını özü çəkər. Biz səhv; öz zərərinə olan əməli işləyənlərə belə cəza veririk.”

76. Belə olduqda, Yusif, qardaşının qabından əvvəl onların qablarını axtarmağa başladı. Sonra su qabını qardaşının qabının içindən çıxardı. Yusifə Biz bax belə bir oyun öyrətdik.[iv] Hökmdarın dininə / ölkənin qanunlarına görə, qardaşını tutub saxlaması mümkün deyildi. –Ancaq Allah [bunu] diləsə, o başqa. Biz istədiyimiz kəsləri dərəcələrlə ucaldarıq. Və hər elm sahibindən üstün, daha yaxşı bilən [biri] vardır.–

77. Karvandakılar dedi ki: “Əgər o oğurlamışsa, and olsun, daha əvvəl onun qardaşı da oğurluq etmişdi.” O vaxt Yusif bunu öz içinə atdı və onlara bunu heç bildirmədi: “Siz çox pis bir mövqedəsiniz, səciyyələndirdiyiniz şeyi Allah ən yaxşı biləndir.” dedi.

78. Onlar dedilər ki: “Ey Əziz! Şübhəsiz ki, bunun çox yaşlı bir atası var. Buna görə, onun yerinə bizim birimizi tutub saxla. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik.”

79. Yusif dedi ki: “Malımızı kimin yanında tapmışıqsa, ondan başqasını tutmaqdan / saxlamaqdan Allaha sığınırıq. Şübhəsiz ki, biz elə etsək həqiqətən səhv; öz zərərinə olan əməli işləyənlərdən olarıq.”

80-82. Artıq nə zaman ki, ondan ümidi kəsdilər, o zaman pıçıldaşaraq bir yana çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allah adına and içdirdiyini və daha əvvəl Yusif barəsində həddinizi aşdığınızı bilmirsinizmi? Atam mənə izn verənə və ya Allah mənim barəmdə bir hökm verənə qədər mən artıq buradan ayrılmaram. Və Allah, hökm verənlərin ən xeyirlisidir. Siz qayıdıb atanıza deyin ki: Ey atamız! Oğlun oğurluq etdi / oğurluqda günahlandırıldı. Biz də ancaq bildiyimiz şeyə şahidlik etdik. Və biz görülməyəni, eşidilməyəni, hiss edilməyəni mühafizə edən deyilik. Həm də ki, olduğumuz şəhər [əhalisindən] və birgə gəldiyimiz karvandan soruş. Və şübhəsiz ki, biz həqiqətən doğru danışanlarıq.”

***

83. Ataları dedi ki: “Əksinə, nəfsiniz sizi aldadıb bu işə vadar etmişdir. Artıq gözəl bir səbr! Ümid edirəm ki, Allah üçünü [Yusifi, kiçik qardaşını və böyük qardaşını] birdən mənə gətirər. Şübhəsiz ki, ən yaxşı bilən, haqsızlığa və fitnə-fəsada yol verməmək üçün qoyulan qayda-qanun və düsturları qoyan Allah Özüdür.”

84. Və Yəqub onlardan üz döndərdi. Və “Vay Yusifə olan həsrətim, vay!” dedi. Və kədərdən iki gözü dümağ oldu [saralıb soldu, dərbədər oldu]. Artıq Yəqub, elə hey udqunan; dərdini içində saxlayan biri idi.

85. Dedilər ki: “Allaha and olsun ki, sən elə hey Yusifi xatırlayırsan. Axırda əriyib gedəcəksən yaxud dəyişikliyə / məhvə məruz qalanlardan olacaqsan.”

86,87. Yəqub dedi ki: “Mən, daxilimi doldurub daşan həsrətimdən, kədərimdən Allaha şikayət edirəm. Və mən Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm. Ey oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın bəxş edəcəyi qurtuluşdan ümid kəsməyin, həqiqətən kafirlər; [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfasından qeyrisi Allahın bəxş edəcəyi qurtuluşdan ümidini kəsməz.”

***

88. Sonra Yusifin hüzuruna gəldikdə, dedilər ki: “Ey Əziz! Bizə və ailəmizə çətinlik üz verdi. Və biz az sərmayə ilə gəldik. Sən bizə yenə [bütöv] ölçü ver. Və bizə sədəqə da ver. Şübhəsiz ki, Allah sədəqə verənlərə əvəzini verər.”

89. Yusif dedi ki: “Siz cahillərdən olduğunuzda Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?”

90. Yusifin qardaşları: “Yoxsa sən, həqiqətən də Yusifsən?” dedilər. Yusif: “Mən Yusifəm, bu da qardaşımdır. Həqiqətən, Allah bizə nemət bəxş etdi. Şübhəsiz ki, kim Allahın mühafizəsi altına daxil olar və səbr edərsə, artıq heç şübhəsiz ki, Allah yaxşı-yaxşı işlər görənlərin mükafatını itirməz.” dedi.

91. Onlar dedilər ki: “Allaha and olsun, Allah səni həqiqətən bizdən üstün etdi. Və biz həqiqətən xətalı idik.”

92,93. Yusif dedi ki: “Bu gün sizə bir məzəmmət və danlaq yoxdur. Allah sizi bağışlasın. O, rəhm edənlərin ən rəhmlisidir. Bu köynəyimi götürüb aparın, atamın üzünə qoyun, o, qəbahətli / məsxərə edilən xəstəlikdən xilas olar / dərbədərlikdən qurtular. Və bütün ailənizi mənim yanıma gətirin.”

***

94. Və nə zaman ki, karvan ayrıldı, ataları dedi ki: “Əgər mənə ağlını itirmiş qoca deməsəniz, şübhəsiz mən Yusifin qoxusunu alıram.”

95. Dedilər ki: “Vallah, şübhəsiz sən hələ də o köhnə şaşqınlığında qalmaqdasan.”

96. Fəqət nə zaman ki, muştuluqçu gəlib köynəyi Yəqubun üzünə qoydu, dərhal qəbahətli / məsxərə edilən xəstəlikdən xilas oldu. “Mən sizə demədimmi ki, mən Allah tərəfindən sizin bilmədiklərinizi bilirəm!” dedi.

97. Dedilər ki: “Ey atamız! Bizim üçün günahlarımıza görə əfv dilə. Şübhəsiz ki, biz xətalı idik.”

98. Yəqub dedi ki: “Sizin üçün Rəbbimdən gələcəkdə əfv diləyəcəyəm. Şübhəsiz ki, O çox bağışlayandır, çox rəhm edəndir!”

***

99. Nə zaman ki, onlar Yusifin yanına girdilər, o zaman Yusif anasını və atasını qucaqladı, bağrına basdı, yanına aldı və “Allahın diləməsiylə əmin-amanlıq içində Misirə daxil olun!” dedi.

100. Və anasıyla atasını yüksək bir taxt üstünə qaldırdı. Və hamısı boyun əyib tabeçilik göstərərək onun üçün yerə qapandılar. Və Yusif: “Atacan! Bax bu hal, o gördüyüm şeyin yozumudur. Həqiqətən, Rəbbim onu ​​həqiqətə çevirdi. Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra, məni zindandan çıxarmaqla və sizi səhradan gətirməklə Rəbbim mənə həqiqətən yaxşılıq etdi. Şübhəsiz ki, Rəbbim istədiyinə ehsan edər. Şübhəsiz ki, ən yaxşı bilən, hökm çıxaran Allah Özüdür.”

101. –“Rəbbim! Sən mənə hökmdarlıq verdin və mənə olacaqlara dair / sözlərin ilk mənalarının nə olduğuna dair elm öyrətdin. Göyləri və yeri yoxdan var edən! Sən mənə dünya və axirətdə kömək edən, məni hifz edənsən, mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərdən et!”–

102. Bax bu, sənə vəhy etdiyimiz görmədiyinin, eşitmədiyinin, bilmədiyinin xəbərlərindəndir. Yoxsa, onlar qərara gəlib pis [işlər üçün] plan qurarkən, sən onların yanında deyildin.

103. Sən şiddətlə arzulasan da, insanların çoxu iman edən deyil.

104. Və sən bunun müqabilində onlardan hər hansı bir muzd istəmirsən. Quran, aləmlərə ancaq bir öyüd-nəsihətdir.

105. Və göylərdə və yerdə neçə-neçə işarətlər / nişanələr var, onlar ondan üz döndərən kəslər olaraq üstündən keçib gedirlər.

106. Onların çoxu, şərik qoşmadan Allaha iman etməzlər.

107. Yoxsa onlar, Allahın əzablarından hamısını bürüyən bir fəlakətin gəlməyəcəyindən və ya fərqində olmadıqları halda, qəflətən vaxtın / qiyamətin qopma anının gəlməyəcəyindən əmindirlərmi?

108. De ki: “Bax bu, mənim yolumdur; ağlın, elmin, sağlam düşüncənin tələbi olaraq Allaha dəvət edirəm. Mən və mənə tabe olanlar… Və Allah pakdır.  Və mən müşriklərdən deyiləm. ”

109. Və Biz səndən əvvəl də ancaq şəhərlərin öz əhalisindən [olan], vəhy nazil etdiyimiz bəzi yetkin adamları elçi olaraq göndərdik. İndi o yerlərdə bir gəzib baxmırlarmı? Özlərindən əvvəl gəlib-gedənlərin aqibətinin necə olduğuna bir baxsalar! Əlbəttə axirət yurdu Allahın mühafizəsi altına daxil olan kəslər üçün daha xeyirlidir. Hələ də ağlınızı işlətməyəcəksinizmi?

110. Nəhayət elçilər ümid kəsdikdə və təkzib edildikləri qənaətinə gəldikdə, onlara köməyimiz çatdı. Sonra da dilədiyimizi xilas etdik. Və günahkarlar tayfasından Bizim əzabımız dəf edilməz.

111. And olsun ki, Yusifin, atasının, qardaşlarının qissəsində anlayış qabiliyyəti olanlar üçün bir ibrət vardır. Quran, uydurulan bir söz deyil. Fəqət sadəcə içindəkilərin təsdiqi, inananlar üçün hər şeyin müfəssəl izahı, bir yol göstərən və mərhəmətdir.”

(53/12, Yusif / 1-111)

Dipnot:

[i] Bax: 8 nömrǝli qeyd.

[ii] Digǝr qissǝlǝr qısa vǝ uzun formada birdǝn çox surǝdǝ yer alsa da, Yusuf qissǝsi ancaq bu surǝdǝ yer almaqdadır. Üslub vǝ möhtǝva baxımından bu qissǝ bǝnzǝrsiz bir gözǝlliyǝ vǝ özünǝmǝxsusluğa sahibdir. Bu hǝqiqǝt 3-cü ayǝdǝ “Biz sǝnǝ qissǝlǝrin ǝn gözǝlini nǝql edirik” sözlǝriylǝ ifadǝ edilmişdir. Tövhid, sǝbr, ǝdalǝt, tolerantlıq, bağışlamaq, yaxın ǝtrafla ǝlaqǝlǝr, iqtisadiyyat, siyasǝt, qalanı içǝridǝn fǝth etmǝk kimi mövzularda insanlığa köhnǝlmǝyǝn prinsiplǝr diqtǝ edǝn vǝ peyğǝmbǝr dǝ olsa hǝr insanın xǝta işlǝyǝ bilǝcǝyini göstǝrǝn bu qissǝ ilǝ Peyğǝmbǝrimizǝ, Yusuf peyğǝmbǝr kimi sǝbrli olması, qorxmadan vǝ usanmadan vǝzifǝsini yerinǝ yetirmǝsi, işin nǝticǝsinin Yusufin aqibǝti kimi xeyirli olacağı bildirilmişdir. Eyni zamanda, Qureyşlilǝrǝ dǝ xatırladılmışdır ki, Peyğǝmbǝrimizǝ qarşı girişdiklǝri mübarizǝdǝ mütlǝq mǝğlub olacaqlar, bu mübarizǝlǝri tamamilǝ mǝnasızdır.

[iii] Yusuf qissǝsi, Yusufun gördüyü bir mǝnzǝrǝni atasına nǝql etdiyi bu ayǝ ilǝ başlayır. On bir ulduzun, günǝşin vǝ ayın ona sǝcdǝ etdiyi [tǝslim olaraq onun ǝmrinǝ ram olduğu] “mǝnzǝrǝ” yuxuda görülmǝmiş, Yusufun oyaq halda gördüyü bir mǝnzǝrǝdir. Bu hǝqiqǝt, rǝeytü [gördüm] felinin ayǝdǝ iki dǝfǝ tǝkrarlanmasıyla vurğulanmışdır. Yǝni Yusuf, görüdklǝrini yuxuda yox, oyaq halda gördüyünü tǝsdiqlǝyǝrǝk atasına nǝql edir:

“Atacan! Şübhəsiz ki, mən on bir ulduz, günəş və ay gördüm; onların mənə boyun əyib tabe olduqlarını gördüm.”

Yuxuda görülǝn vǝ “röya” dediyimiz mǝnzǝlǝrdǝn bǝhs edǝrkǝn Quranda fil-mǝnami [yuxuda] ibarǝsi işlǝdilir. Quranda, yuxuda görüldüyü vurğulanan röyalardan biri İbrahim peyğǝmbǝrǝ, digǝri isǝ Peyğǝmbǝrimizǝ mǝxsusdur (bax Saffat / 102, Nǝcm 210; Ənfal / 43-44, Nǝcm 471).

Yusufun oyaq halda gördüyü mǝnzǝrǝlǝrǝ oxşar mǝnzǝrǝlǝr, Yusufun zindan yoldaşları vǝ ölkǝnin kralı tǝrǝfindǝn dǝ görülǝcǝk. Yǝni qissǝnin davamında yer alan şǝrab sıxmaq, baş üstündǝ çörǝk aparmaq vǝ quşların o çörǝkdǝn yemǝsi, yeddi cılız inǝyin yeddi kök inǝyi yemǝsi vǝ yeddi yaşıl sünbüllǝ yeddi quru sünbül mǝnzǝrǝlǝri dǝ röya deyil, gerçǝk mǝnzǝrǝlǝrdir. Əslindǝ onlar, “gǝlǝcǝklǝ” bağlı mǝnzǝrǝlǝrdir. Gǝlǝcǝyǝ dair belǝ bir mǝnzǝrǝni Peyğǝmbǝrimiz dǝ görmüşdü (bax Fǝth / 27, Nǝcm 670).

[iv] Burada, 76-cı ayǝdǝki “Hökmdarın dininǝ / ölkǝnin qanunlarına görǝ, qardaşını tutub saxlaması mümkün deyildi” cümlǝsi bǝzi mǝnbǝlǝrdǝ “hökmdarın oğurluqla bağlı qanunu, oğurluq edǝn şǝxsin döyülmǝsi vǝ oğurladığının iki mislini ödǝmǝk mǝcburiyyǝtindǝ qoyulması” kimi, bǝzi mǝnbǝlǝrdǝ isǝ “onlar o dövrdǝ hǝr oğrunu, oğurluq etdiyi üçün qul sayırdılar” kimi izah edilmişdir.