TAHA SURƏSİ
MƏKKƏ DÖVRÜ

TAHA SURƏSİ

Nəcm: 119

1. Ta / 9, Ha / 5.[i]

2-4. Biz, Quranı sənə çətinliyə düşəsən / qüssələnəsən deyə yox, fəqət hörmət, məhəbbət və elmlə ürpərən kəslər üçün bir öyüd-nəsihət olsun deyə, yer üzünü və uca göyləri yaradan tərəfindən nazil etdik.

5. Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], ən böyük taxt üzərində hökmranlıq qurmuşdur.[ii]

6. Göylərdə olan şeylər, yer üzündə olan şeylər, bu ikisinin arasında olan şeylər və nəmli torpağın altında olan şeylər ancaq Rəhmanındır.

7. Sən səsini qaldırsan, Rəhman şübhəsiz ki, gizlini və gizlinin də gizlisini bilir.

8. Allah, özündən başqa heç bir məbud olmayandır. Ən gözəl adlar yalnız Ona məxsusdur.

(45/20, Taha / 1-8)

Nəcm: 120[iii]

9. Musanın xəbərləri həqiqətən sənə gəlib çatdı.

10. Bir vaxt o, bir od görmüş və əhlinə [ailəsinə, yaxınlarına]: “Həqiqətən mən bir od gördüm. Siz göləyin, mən ondan sizə bir köz gətirərəm, yaxud atəşin başında bir bələdçi taparam.” demişdi.

11. Sonra onun yanına gəldiyində bir nida gəldi: “Ey Musa!

12. Mən, sənin Rəbbin olan Mənəm. Dərhal yaxınlarını və mallarını burada qoy,[iv] şübhəsiz sən təmizlənmiş Tuva vadisindəsən / ikiqat təmizlənmiş bir vadidəsən.

13. Və Mən səni seçdim; O halda, vəhy ediləcək şeyə –

14. “Heç şübhəsiz ki, Mən, Allahın elə Özüyəm. Məbud deyə bir şey yoxdur Məndən başqa. O halda Mənə bəndəlik et və Məni yad etmək üçün səlatı yerinə yetir [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını  yarat-davam etdir].

15. Şübhəsiz ki, o saat / qiyamət gələcəkdir. Onu Mən hər kəs əməyinin əvəzini alsın deyə az qala gizlədirəm.

16. O səbəbdən, qiyamətə inanmayan və öz boş, müvəqqəti arzusuna uyan kəs səni, qiyamətə iman etməkdən yayındırmasın; yoxsa dəyişikliyə / məhvə məruz qalarsan”

14. xəbərdarlığına qulaq ver.[v]

17. Və sağ əlindəki nədir, ey Musa?”

18. Musa: “O mənim əsamdır, ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm və onda mənim üçün başqa faydalar da var” dedi.

19. Allah: “Ey Musa! Onu burax / çobanlığı buraxıb oturaq həyata gec!

24. Fironun yanına get, şübhəsiz o, həddini aşmışdır” dedi.[vi]

***

20. O da onu dərhal buraxdı / oturaq həyata keçdi, bir də nə görsün! Artıq sağ əlindəki; ona vəhy edilən Kitab, hərəkət edən bir candır; sosial həyatın mənbəyidir.[vii]

25. Musa: “Ey Rəbbim!

33. Seni bütün nöqsanlıqlardan çox pak tutaq deyə

34. Və Səni çoxlu-çoxlu yad edək deyə

25. Köksümü aç,

26. İşimi mənə asanlaşdır.

27. Dilimdəki düyünü də aç

28. ki sözümü yaxşı başa düşsünlər.

29. Və ailəmdən

30. Qardaşım Harunu

29. Mənə vəzir et,

31. Onunla arxamı möhkəmləndir.

32. Onu işimə şərik et.

35. Şübhəsiz, Sən bizi görür, eşidirsən!”

20. dedi.

36. Allah: “Ey Musa! Dilədiyin sənə verildi.” dedi.

21. Allah:

23. “Sənə ən böyük işarətlərimizdən / nişanələrimizdən göstərməyimiz üçün

21. Tut onu, qorxma![viii] Biz onu əvvəlki halına qaytaracağıq.

22. Digər bir əlamət; nişanə olaraq da gücünü / qanadını əlavə et, çirkinlik olmadan heç qüsursuz, kamil bir halda çıxacaqsan” dedi.[ix]

***

37. “Və and olsun, Biz sənə başqa bir dəfə də yaxşılıq etmişdik:

38. Bir vaxt vəhy ediləsi şeyləri anana vəhy etmişdik,

39. ‘Musanı sandıq içinə qoy və bol suya / çaya burax, sonra da bol su / çay[x] onu sahilə atsın. Onu Mənə düşmən olan və ona düşmən olan birisi alsın.’ Və Mən Öz tərəfimdən sənin üstünə bir sevgi yaratdım və Mənim nəzarətim altında boya-başa çatdırılmağın üçün,

40. Bir vaxt sənin bacın gəlib ‘Sizi onun qayğısına qalacaq birinin yanına aparımmı?’ demişdi. Beləcə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Və sən, bir can öldürdün və səni qəmdən azad etdik. Və Biz səni putada əridib xeyli saflaşdırdıq / səni kamilləşdirdik. Bir də ki, illərlə Mədyən camaatı arasında qaldın. Sonra bir nizam; plan ilə gəldin, ey Musa!

41. Və Mən səni Özüm üçün hazırladım.

***

42. Sən və qardaşın nişanələrimlə / işarələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.

43. Hər ikiniz gedin Firona. Şübhəsiz ki, o, həddini aşmışdır.

44. Sonra öyüd alsın və hörmətlə, məhəbbətlə, elmlə ürpərsin deyə ona yumşaq söz söyləyin.”

45. Musa ilə Harun: “Ey Rəbbimiz! Onun bizə qarşı həddini aşmasından və ya azğınlaşmasından qorxuruq” dedilər.

46. Allah: “Qorxmayın, şübhəsiz Mən ikinizin yanındayam, eşidir və görürəm.

47. Dərhal ona gedin də ona: ‘Şübhəsiz ki, biz Rəbbinin iki elçisiyik. Artıq İsrail oğullarını bizimlə göndər və onlara əzab etmə; həqiqətən biz sənə Rəbbindən bir nişanə / işarə ilə gəldik. Bələdçiyə uyanlara salam olsun.

48. Şübhəsiz ki, biz; həqiqətən bizə, təkzib edənlərə və arxasını çevirənə əzab olacağı vəhy edilmişdir’ deyin.” 46 dedi.

***

49. Firon: “Elə isə sizin Rəbbiniz kimdir, ey Musa?”  dedi.

50. Musa: “Bizim Rəbbimiz hər şeyə varlığını və xüsusiyyətlərini verən, sonra yol göstərəndir” dedi.

51. Firon: “Elə isə əvvəlki əsrlərin halı necədir?” dedi.

52. Musa: “Onların xəbəri Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim səhv etməz və unutmaz / tərk etməz.

53. O, yer üzünü sizin üçün bir döşək edən, oradan sizin üçün yollar açan və göydən bir su endirəndir.”

52. dedi. –Bax Biz, o su ilə növbənöv bitkilərdən cütlər yetişdirmişik.

54. Yeyin və heyvanlarınızı yemləyin. Şübhəsiz ki, ağıl sahibləri üçün bunda neçə-neçə işarə / nişan vardır!

55. Biz sizi yer üzündən meydana gətirdik, sizi ona qaytaracaq və sizi bir dəfə daha ondan çıxaracağıq.–

56. Və and olsun ki, Biz Firona işarələrimizi / nişanələrimizi; hamısını göstərdik, o təkzib etdi və inadkarlıq göstərdi.

57,58. Firon: “Ey Musa! Sən elminlə bizə təsir edərək bizi torpaqlarımızdan çıxarmaq üçün gəlmisən? O halda biz də sənin təsirli elmin kimi bir elmlə sənə gələcəyik.[xi] İndi bizimlə sənin aranda bir görüşmə zamanı / yeri seç; bizim və sənin etiraz etmədiyimiz düz və geniş bir yer olsun” dedi.

59. Musa: “Sizinlə görüş zamanı, mərasim, şənlik günü və insanların yığışdığı günorta vaxtıdır” dedi.

***

60. Belə olduqda Firon arxasını çevirdi, hiylələrini-planlarını yığdı, sonra gəldi.

61. Musa onlara dedi ki: “Təəssüflər olsun sizə! Allaha yalan uydurmayın. Sonra bir əzab ilə kökünüzü kəsər. Həqiqətən, uyduran zərər etmişdir.”

62. Beləliklə, nüfuzlu alimlər öz aralarında işlərini müzakirə etdilər və

63,64. “Bunların ikisi həqiqətən nüfuzlu alimlərdir; təsirli elmləriylə sizi yurdunuzdan qovub çıxartmaq və ən yaxşı nümunə olan yolumuzu məhv etmək istəyirlər. Onun üçün bütün hiylələrinizi bir yerə yığın, sonra növbəylə gəlin. Bu gün üstün gələn həqiqətən zəfər qazanacaq” deyə fısıldaşmalarını gizli saxladılar.

65. Nüfuzlu alimlər: “Ey Musa! Sənmi meydana qoyacaqsan və yaxud ilk meydana qoyan kəslər biz olaq” dedilər.

66. Musa: “Əksinə, siz meydana qoyun” dedi. Bir də nə görsün! Onların təcrübələri, köhnə inanışları və tezisləri / çör-çöpləri / xırım-xırda bilikləri,[xii] işlədikləri sehr / hünərli nümayiş səbəbindən gözündə böyüdü. 67 Buna görə Musa, içində bir qorxu hiss etdi.

68,69. Biz: “Qorxma, şübhəsiz sən; ən üstün olan sensən. Sən sahib olduğun təcrübəni meydana qoy; o, onların meydana çıxardıqlarının hamısını udsun. Şübhəsiz ki, onların etdikləri ancaq bir göz boyayanın hiləsidir. Göz boyayıb aldadan adam isə, hara gedərsə getsin zəfər qazana bilməz, müvəffəq ola bilməz” dedik.

***

70. Axırda bütün nüfuzlu alimlər, “Musa ilə Harunun Rəbbinə iman etdik” demək surətiylə boyunlarını əyib təslim olmuş vəziyyətdə qaldılar.

71. Firon: “Mən sizə izin vermədiyim halda ona iman gətirdiniz? Şübhəsiz ki, o, sizə təsirli elmi öyrədən böyüyünüzdür. And olsun ki, əllərinizi və ayaqlarınızı çarpaz / arxa-arxaya kəsəcək və həqiqətən sizi xurma kötüklərinə asacağam. Və hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu həqiqətən biləcəksiniz” dedi.

72,73. Nüfuzlu alimlər: “Bizə gələn bu açıq dəlillər və bizi yoxdan yaradan qarşısında qətiyyən səni üstün tutmarıq. İndi nə hökm edəcəksənsə et! Sən, ancaq bu fani dünya həyatına hökm edərsən. Şübhəsiz ki, biz, səhvlərimiz və bizi təsirli elmdən məcbur etdiyin şeylər üçün bizi bağışlasın deyə, Rəbbimizə iman gətirdik. Və Allah daha xeyirli və daha baqidir” dedilər.

***

77. Və and olsun, Biz Musaya “Arxanızdan çatacaqlarından qorxmadan və hörmətlə, məhəbbətlə ürpərməyərək / Firon qarşısında minnətli olmayaraq bəndələrimlə gecə yola düş və onlar üçün bol suda / çayda quru bir yol aç!” deyə vəhy etdik.

78. Firon ordularıyla dərhal onları təqib etdi də bol suda / çayda onları bürüyən şey bürüdü.

79. Və Firon, qövmünü azğınlığa sürüklədi və doğru yolu göstərmədi.[xiii]

***

83. Səni öz qövmündən [ayırıb] daha tələsdirən şey nədir, ey Musa?

84. Musa: “Onlar mənim izimdən gedənlər, təlimimi izləyənlərdir. Mən də Sən razı qalasan deyə Sənə gəlmək üçün tələsdim, Rəbbim” dedi.

85. Allah: “Şübhəsiz ki, bax, Biz səndən sonra qövmünü imtahan etdik. Samiri də onları yoldan çıxartdı” dedi.

86. Belə olduqda, Musa qəzəbli və kədərli halda dərhal qövmünün yanına qayıtdı: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd ilə söz vermədimi? İndi sizə bu [müddət] uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini arzu etdiniz ki, mənə olan vədinizə xilaf çıxdınız ” dedi.

87. Onlar dedilər ki: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o qövmün zinətlərindən bəzi yüklər götürmüşdük. Sonra onları atdıq. Sonra da bax beləcə, Samiri bizim ağlımıza saldı.”

88. Samiri aldadan, tələyə salan bir cəsədi / qızılı[xiv] çıxardı və İsrail oğulları: “Bax bu, sizin məbudunuz və də Musanın məbududur. Amma Musa onu tərk etdi” dedilər.

89. –Yaxşı, bəs onlar görmürlər ki, qızıl onlara heç bir sözlə cavab verə bilmir; onlara bir zərər və ya bir fayda verməyə gücü çatmır!–

90. Və and olsun ki Harun daha əvvəl onlara: “Ey qövmüm! Şübhəsiz ki, siz bununla imtahana çəkildiniz / dindən çıxıb özünüzü atəşə atdınız. Və şübhəsiz ki, sizin Rəbbiniz Rəhmandır [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdır]. Mənə tabe olub əmrimə itaət edin!” demişdi.

91. Harunun qövmü: “Musa qayıdıb bizə gələnə qədər, biz ona sitayiş etməkdən əl çəkməyəcəyik” dedilər.

92,93. Musa: “Ey Harun! Bunların azğınlaşdığını gördüyün zaman, mənim yolumu təqib etməyinə nə mane oldu? Yoxsa mənim əmrimə tabe olmursan?” dedi.

94. Harun: “Ey anamın oğlu! Saqqalımdan və başımdan yapışma. Şübhəsiz, mən qorsdum ki, sən deyəsən: İsrail oğulları arasına nifaq saldın və mənim sözümə bakmadın” dedi.

95. Sonra da Musa: “Ey Samiri! Sənin bu etdiyin nədir?” dedi.

96. Samiri: “Mən onların anlamadıqları bir şeyi anladım, elçinin əsərindən bir ovuc almışdım, sonra da onu götürüb atdım. Və bunu, mənə nəfsim beləcə xoş göstərdi” dedi.

97,98. Musa: “Haydı, get. Artıq sən ömür boyu ‘Mənimlə təmas olmasın’ deyəcəksən. Həm də, sənin üçün qətiyyən etiraz edə bilməyəcəyin bir görüş günü var. Bir də bəndəlik etdiyin bu məbuduna bax” dedi. –Əlbəttə Biz onu yandıracaq, sonra da onu həqiqətən bol suda kökündən yıxacağıq. Sizin məbudunuz ancaq Özündən başqa heç bir məbud olmayan Allahdır. Şübhəsiz ki, Onun elmi hər şeyi əhatə etmişdir.–

***

99. Biz, sənə keçmişdə olan şeylərin vacib əhvalatlardan beləcə nəql edirik. Şübhə yox ki, sənə Öz dərgahımızdan bir Öyüd / zikr [Quran] verdik.

100-102. Kim Bizim verdiyimiz Öyüddən [Kitabdan / Qurandan] üz döndərsə, şübhəsiz ki, o, qiyamət günü; Sur üfürülən gün, elə bir yüklə yüklənəcək ki, əbədi onun içində qalsın. Və qiyamət günündə, onlar üçün bu nə pis bir yükdür! Biz günahkarları o gün, gözləri göyərmiş bir halda bir yerə yığacağıq.

103. Aralarında pıçıldaşacaqlar: “Siz dünyada yalnız ‘on gün’ qaldınız.”

104. –Biz, aralarında nə danışacaqlarını daha yaxşı bilirik.– Ən üstün yolda olan: “Siz ancaq bir gün qaldınız” deyəcək.

(45/20, Taha / 9-104)

Nəcm: 121

74. Həqiqət budur ki, hər kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, şübhəsiz ki, ona cəhənnəm vardır. Orada ölməz və dirilməz.

75,76. Və kim Rəbbinə bir mömin olaraq, yaxşılaşdırmaq məqsədi ilə əməl işləyərək gələrsə, bax onlar; ən yüksək mərtəbələr, ağaclarının altından çaylar axan Ədn cənnətləri onlar üçündür. Onlar orada əbədi qalacaqlar. Və bax bu, təmizlənən kəslərin mükafatıdır.

80. Ey İsrail oğulları! Sizləri düşməninizdən xilas etdik və dağın sağ tərəfində sizə söz verdik / dağın sağ tərəfini sizə görüşmə yeri olaraq təyin etdik. Üstünüzə də qüdrət halvası və bildirçin / bal endirdik.

81. –Sizə ruzi olaraq verdiyimiz şeylərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa qəzəbim üstünüzə enər. Kimin üstünə qəzəbim ensə, həqiqətən o enər [yıxılar, məhv olar].

82. Və şübhə yox ki, Mən, tövbə edən, iman gətirib saleh əməl işləyən, sonra da yönləndirildiyi doğru yolu tapan kəslər üçün çox bağışlayanam.–[xv]

(45/20, Taha / 74-76, 80-82)

Nəcm: 122

105-107. Səndən dağlar haqqında soruşurlar, de ki: “Rəbbim onları havaya sovuracaq. Beləliklə, onları dümdüz boş bir hala gətirəcək. Orada bir çuxur və bir təpə görməyəcəksən.”

108. O gün, heç bir əyriliyi olmayan o dəvətçiyə tabe olacaqlar və Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] qarşısında səslər kəsiləcək. Artıq yalnız zəif bir səs eşidəcəksiniz.

109. O gün Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] icazə verdiyi və söz deməyindən razı qaldığı kəslər istisna olmaqla, kömək-dəstək fayda verməz.

110. Allah, kömək görməyənlərin önlərindəki və onların arxasındakı şeyləri bilir. Onlar isə Onu bilikləri ilə əhatə edə bilməzlər.

111. Və hər kəs, diri və bütün yaratdıqlarına daim göz qoyan Allah üçün baş əymişdir. Bir şirkə bulanaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər həqiqətən zərərə uğramışdır.

112. Və hər kəs iman edən biri olaraq sahmana salmaq məqsədi ilə əməl işləsə, artıq o, bir haqsızlıqdan və haqqının yeyilməsindən qorxmaz.

(45/20, Taha / 105-112)

Nəcm: 123

113. Və bax beləcə, Biz, Allahın mühafizəsi altına daxil olsunlar, yaxud onlara yeni bir öyüd olsun deyə deyə onu ərəbcə bir Quran olaraq nazil etdik. Onda təhdidləri təkrar-təkrar şərh etdik.

114. Bax gör, haqq olan, yeganə hökmdar olan Allah nə qədər ucadır! Onun vəhyi sənə [gəlib] tamamlanmadan qabaq, oxumaq / öyrətmək üçün tələsmə və: “Ey Rəbbim, mənim elmimi artır!” de.

(45/20, Taha / 113-114)

Nəcm: 124

115. Və and olsun Biz, bundan əvvəl Adəmdən vəd aldıq, o yadından çıxardı, vədini tutmadı və Biz, onda bir əzm görmədik.

116. Və Biz bir zaman təbiət qüvvələrinə,[xvi] “Adəmə boyun əyib tabeçilik göstərin!” dedik, İblis / düşüncə bacarığı[xvii] xaric olmaqla, hamısı boyun əyib tabeçilik  göstərdilər, o inad etdi.

117-119. Sonra da Biz, “Ey Adəm! Şübhəsiz ki, İblis sənə və zövcənə düşməndir. Bax ki, o sizi Cənnətdən çıxartmasın, sonra bədbəxt olarsan, sənin acmamağın və çılpaq qalmamağın həqiqətən cənnətdədir. Və sən orada susamaz və günəşin istisində qalmazsan” dedik.

120. Axırda şeytan ona vəsvəsə verdi. Dedi ki: “Ey Adəm! Sənə əbədiyyət ağacı və köhnəlməyən / çökməyən mülk / səltənət üçün yol göstərimmi?”

121. Belə olduqda, ikisi də mal-mülk, qızıl düşkünü oldular.[xviii] Dərhal eybəcərlikləri açılıb özlərinə göründü. Və öz zərərlərinə, cənnət ağaclarının yarpaqlarından örtərək yığıcılığa başladılar. Adəm Rəbbinə asi oldu və yoldan çıxdı / azdı.

122. Sonra Rəbbi, onu seçdi və tövbəsini qəbul etdi və ona doğru yolu göstərdi.

123. Allah, o ikisinə: “Bir-birinizə düşmən olaraq hamınız oradan alçalın. Artıq Məndən sizə bir bələdçi gəldiyi zaman, kim Mənim bələdçimə tabe olsa, bax o, azğınlığa düşməz və bədbəxt olmaz” dedi.

(45/20, Taha / 115-123)

Nəcm: 125

124-126. Kim Mənim zikrimdən / Mənim öyüdümdən uzaq dayansa, heç şübhəsiz ki, onun üçün çətin, darıxdırıcı bir dolanışıq / həyat vardır. Qiyamət günü onu kor olaraq qiyamət gününün yığıncaq səhnəsinə gətirərik. O deyəcək ki: “Ey Rəbbim, mən görən biri olduğum halda məni niyə kor olaraq bu yerə çıxartdın?” Allah deyəcək ki: “Bəli, elədir, ayələrimiz sənə gəldikdə sən onları tərk etmişdin; bu gün də eyniylə sən tərk edilirsən / cəzalandırılırsan.”

127. Və bax Biz, həddini aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri belə cəzalandırırıq. Və axirət əzabı şübhəsiz ki, daha şiddətli, daha sürəklidir.

128. [İndi] yurdlarında gəzib dolaşdıqları, onlardan əvvəl məhv etdiyimiz neçə-neçə nəsillər, onlar üçün dərs olmadımı? Şübhəsiz ki, bunda ağıl sahibi olanlar üçün dəlillər vardır.

129. Və əgər Rəbbindən bir Söz[xix] və müəyyən bir müddət olmasaydı, həqiqətən qaçınılmaz olardı.

(45/20, Taha / 124-129)

Nəcm: 126

130. İndi onların dediklərinə səbr göstər, razılığa nail ola bilmək üçün günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini tərifi ilə birlikdə Allahı tanıtdır / nöqsanlıqlardan uzaq olduğunu öyrət! Gecənin bəzi saatlarında və gündüzün iki başında da Allahı tanıtdır / nöqsanlıqlardan uzaq olduğunu öyrət!

131. Və sınama vasitəsi olaraq, bəsit dünya həyatının zinəti olaraq, onlardan bəzi cütlüklərə verdiyimiz mal, mülk, övlad və səltənətə əsla gözlərini dikmə / rəğbətlə baxma. Və Rəbbinin ruzisi daha yaxşı və daha baqidir.

132. Və əhlinə səlatı [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi] əmr et, özün də ona səbrlə davam et. Biz səndən bir ruzi istəmirik. Sənə ruzi verən Bizik. Aqibət, “Allahın mühafizəsi altında olmaq” üçündür.

(45/20, Taha / 130-132)

Nəcm: 127

133,134. Və inkar edənlər: “Elçilik iddiasında olan bu adam, Rəbbindən bizə bir nişan / işarət gətirsəydi!” dedilər. Onlara ilk səhifələrdə olan açıq-aşkar dəlillər gəlmədimi? Və əgər Biz, onları bundan əvvəl bir əzab ilə dəyişikliyə / məhvə məruz qoysaydıq, həqiqətən “Ey Rəbbimiz! Bizə bir peyğəmbər göndərmədin ki, zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq!” deyəcəkdilər.

135. De ki: “Hər kəs gözləyir. Siz də gözləyin. Şübhəsiz ki, düz yolun sahiblərinin kimlər olduğunu və kimlərin yönləndirildiyi doğru yolu tapdığını tezliklə;

Vaqiə 1-7 olacak o vaqiə olduğu zaman –ki o vaqiənin olması haqqında yalan söyləyən yoxdur. O vaqiə, alçaldandır, ucaldandır– yer üzü şiddətlə hərəkətə gəlib sarsıldığı və dağlar xırdalanıb toza-toprağa çevrildiyi zaman və sizlər üç yoldaş zümrəyə bölündüyünüz zaman

135. biləcəksiniz.

(45/20, Taha /133-135+46/56, Vaqiə/1-7)

Dipnot:

[i] Bax: 8 nömrǝli qeyd.

[ii] Ayǝdǝki sözlǝrin “hǝqiqi” mǝnaları belǝdir: “Rǝhman, Ərşin üzǝrindǝ isteva etmişdir [hökmranlıq qurmuşdur].” Biz mǝalda mǝcazi mǝnalara üstünlük verdik. Daha ǝtraflı mǝlumat üçün 34 vǝ 47 nömrǝli qeydlǝrǝ bax.

[iii] Digǝr surǝlǝrdǝ ǝtraflı izah edilǝn Musa hadisǝsi, Taha / 9-99-da (Nǝcm 120) xülasǝ şǝklindǝ verilmişdir. Bu surǝdǝki tǝhkiyǝnin bir sǝfǝrdǝ meydana gǝldiyini zǝnn etmǝk doğru deyil. Burada nǝql edilǝn hadisǝlǝrdǝ dǝ xronoloji ardıcıllıq yoxdur.

[iv] Ayǝnin orjinalındakı sözlǝrin lüğǝvi mǝnası belǝdir: “Nǝleynini çıxar”. Ancaq burada nǝzǝrdǝ tutulan ǝsl mǝqsǝd budur: “yaxınlarını vǝ mallarını burada qoy”. Ona görǝ dǝ biz mǝalda bu mǝnanı tǝqdim etdik.

[v] Bu parçada, peyğǝmbǝrliyi dövründǝ Musaya verilǝn tapşırıqlar xülasǝ edilmişdir. Ayǝdǝki “vǝhy edilǝcǝk şey” ibarǝsinin izahı bu parçada verilmişdir:

“Vǝ Mǝn sǝni seçdim; O halda, vǝhy edilǝcǝk şeyǝ qulaq ver. Heç şübhǝsiz ki, Mǝn, Allahın elǝ Özüyǝm. Mǝbud deyǝ bir şey yoxdur Mǝndǝn başqa. O halda Mǝnǝ bǝndǝlik et vǝ Mǝni yad etmǝk üçün sǝlatı yerinǝ yetir. Şübhǝsiz ki, o saat [qiyamǝt] gǝlǝcǝkdir. Onu Mǝn, hǝrkǝs ǝmǝyinin ǝvǝzini alsın deyǝ az qala gizlǝdirǝm.”

[vi] “Rǝsmi Müshǝf”dǝ Musa peyğǝmbǝrlǝ ǝlaqǝdar parçanın girişindǝ ayǝlǝrin düzülüşü sǝhvdir. Ona görǝ, 24-cü ayǝni 19-cu ayǝnin arxasına gǝtirdik. Sonrakı hissǝdǝ dǝ ayǝlǝri “20, 25-36, 21-23” şǝklindǝ düzdük.

[vii] Hayyǝ sözü, Musa peyğǝmbǝr haqqında hissǝnin doğru anlaşılması baxımından vacib sözlǝrdǝn biridir. Ona görǝ dǝ bu sözü bir az ǝtraflı izah etmǝk istǝdik: Hǝyat sözündǝn ǝmǝlǝ gǝlǝn hayyǝ sözünü ǝrǝblǝr bir çox misalda işlǝdirlǝr. Uzunömürlü olması baxımından ilana hayyǝ deyirlǝr. İtigözlü kǝslǝr barǝsindǝ “O, hayyǝdǝn daha iti görür” deyirlǝr. Xain, zalım biri barǝsindǝ “O, hayyǝdǝn daha zalımdır” deyirlǝr. Ətrafındakı insanlara, cǝmiyyǝtǝ faydalı olan, onları qoruyan şǝxslǝrǝ “O, bölgǝnin hayyǝsidir” deyirlǝr. Hayyǝ sözü tǝşbeh olaraq Böyük Ayı bürcünün Əkizlǝri ilǝ Əlqaid arasındakı ulduzlara da deyilir.

Tahiyyǝ / salamlama [Allah sǝnǝ ömür versin] sözü dǝ eyni kökdǝn ǝmǝlǝ gǝlmişdir.

Xülasǝ, bu sözün mǝnası “hǝyat vǝ dirilik”dir. Əslindǝ hayyǝ sözü ilanı yox, ilanın uzunömürlü olmasını ifadǝ edir. Burada hayyǝtün tǝs’a [hǝrǝkǝt edǝn tǝs’a] deyilmişdir. Bunun qarşılığı “yeddi canlı” ibarǝsi olub, “dǝfǝlǝrcǝ ölüm tǝhlükǝsiylǝ üzlǝşmǝsinǝ baxmayaraq, hǝr dǝfǝ sağ qalmaq” mǝnasına gǝlir. Bu ifadǝ bir çox xǝstǝliklǝrdǝn, bǝla vǝ fǝlakǝtlǝrdǝn xilas olan adamlar barǝsindǝ, digǝr tǝrǝfdǝn pişik vǝ ilan barǝsindǝ dǝ işlǝdilir.

Bu ayǝdǝki hayyǝ sözünü başa düşmǝk üçün, Musanın sağ ǝlindǝ nǝ olduğunun Allah tǝrǝfindǝn başqa bir şǝkildǝ ifadǝ edildiyinǝ dǝ diqqǝt yetirmǝk lazımdır. Musanın sağ ǝlindǝki şey Nǝml / 10 vǝ Qǝsǝs / 31 nömrǝli ayǝlǝrdǝ “sanki görünmǝyǝn bir varlıq kimi, hǝrǝkǝt etdirir” kimi ifadǝ edilmişdir. Yǝni Musanın sağ ǝlindǝki şey, “hǝrǝkǝt etdirǝn görünmǝz bir varlığa” bǝnzǝmǝkdǝdir. Bǝs bu hǝrǝkǝt etdirǝn görünmǝz varlıq nǝdir? Bu, insanların vǝ heyvanların canıdır / ruhudur.

Bu ifadǝ dǝ, vǝhyin ruh xassǝsini özündǝ daşıyır. Quranın bir adı da “ruh” olduğu kimi, Musanın sağ ǝlindǝki şeyin [Kitabın] adı da “ruh”dur. Belǝ ki, Şuǝra surǝsinin 193-cü ayǝsindǝ, keçmiş kitabların da ruh / can xassǝsinǝ malik olduğu ifadǝ edilmişdir:

“O açıq-aşkar kitabla, xǝbǝrdarlıq edǝmsǝn deyǝ açıq-aşkar ǝrǝb dili ilǝ sǝnin qǝlbinǝ Mötǝbǝr Can [ilahi xǝbǝr, mötǝbǝr mǝlumat] daxil oldu. Vǝ şübhǝsiz Mötǝbǝr Can [mötǝbǝr mǝlumat] hǝqiqǝtǝn keçmişdǝkilǝrin kitablarında da var idi.”

[viii] Burada, 27 nömrǝli ayǝdǝki hayyǝ sözü “ilan” kimi başa düşüldüyündǝn, 21 nömrǝli ayǝdǝki qorxma sözü dǝ tǝbii olaraq “ilandan qorxma” kimi başa düşülür. Halbuki ǝslindǝ bu surǝnin 45-46-cı ayǝlǝrindǝ, Şuǝra surǝsinin 10-15-ci, Nǝml surǝsinin 10-cu vǝ Qǝsǝs surǝsinin 30-cu ayǝlǝrindǝ ifadǝ edilǝn qorxu, Musanın ona tapşırılan vǝzifǝdǝn qorxub qaçmasıdır. 22 nömrǝli ayǝdǝki tǝhrücü [çıxacaq] xǝbǝrinin mübtǝdası da “ǝl” deyil, “sǝn”dir. Burada, Musaya kömǝkçi ǝlavǝ güc kimi göndǝrilǝn Harun vasitǝsiylǝ, tǝbliğat işini qüsursuz, mükǝmmǝl bir şǝkildǝ yerinǝ gǝtirǝcǝyi ifadǝ edilmişdir.

20-23 nömrǝli ayǝlǝrdǝ, Musaya verilǝn iki ayǝdǝn danışılır. Bunlardan birincisi çoban ǝsasının yerinǝ verilǝn vǝhy [kitab / Tövrat], ikincisi isǝ ehtiyac anında ona kömǝk edǝcǝk ǝlavǝ qüvvǝ / Harundur. Daha sonrakı ayǝlǝrdǝ, Musanın ifadǝ qabiliyyǝtinin kafi olmadığını, mǝqsǝdini daha yaxşı izah edǝ bilmǝk üçün qardaşı Harunu özünǝ kömǝkçi götürmǝk istǝdiyini vǝ onun bu istǝyinin yerinǝ yetirildiyini görǝcǝyik.

Əsa [kitab] vǝ yǝdi-bǝyza [qüsursuz güc] barǝsindǝ Əraf surǝsinin Musa haqqındakı hissǝsindǝ ǝtraflı mǝlumat verilmişdir.

20-23 nömrǝli ayǝlǝrdǝ Musaya verildiyi deyilǝn iki işarǝt / ǝlamǝt, Furqan surǝsindǝ dǝ xülasǝ olaraq belǝ ifadǝ edilmişdir:

“Vǝ and olsun ki, Musaya Kitabı verdik vǝ qardaşı Harunu da onunla birgǝ kömǝkçi, dǝstǝkçi verdik. Sonra da, ‘Haydı, ayǝlǝrimizi tǝkzib edǝn o qövmǝ gedin!’ dedik. Sonunda da ayǝlǝrimizi tǝkzib edǝn o qövmü parçalayıb yox etdik.” (Furqan / 35-36)

[ix] Bu hissǝdǝ ayǝlǝr, “Rǝsmi Müshǝf”dǝn fǝrqli olaraq “20, 25-36, 21-23” ardıcılığı ilǝ düzülmüşdür.

[x] Bax: 111 nömrǝli qeyd.

[xi] Bax: 110 nömrǝli qeyd.

[xii] Ayǝnin orjinalındakı sözlǝrin “hǝqiqi” mǝnaları belǝdir: “Onların iplǝri vǝ dǝyǝnǝklǝri”. Yuxarıda, assıyıhim sözünün tǝk şǝkli olan ǝsa sözünün “bilik, tǝcrübǝ” mǝnasına gǝldiyini izah etmişdik. Ayǝnin orjinalındakı hibal sözü dǝ hǝbl sözünün cǝmidir. Hǝbl sözünün ǝsas mǝnası isǝ sadǝcǝ “ip” deyil, “bağlanılan (yapışılan) ip”dir. Əlavǝ olaraq bu söz “verilǝn vǝd, bir-birinǝ söz vermǝk” mǝnasına da gǝlir. Elǝcǝ dǝ Quranda (“Rǝsmi Müshǝf”ǝ görǝ Ali-İmran surǝsinin 103-cü ayǝsi) hǝblullah [Allahın ipi] ifadǝsi ilǝ insanları Allaha bağlayan Quran nǝzǝrdǝ tutulmuşdur. Burada, insanların keçmiş biliklǝrinin, köhnǝ inanışlarının vǝ yapışdıqları şeylǝrin dǝyǝrsiz olduğu izah edilir.

[xiii] Bu ayǝlǝrdǝ, Musanın öz qövmünü gecǝlǝr işlǝdǝrǝk, tutulma qorxusu olmadan Nil çayında quru yollar açılmasının vǝhy edilmǝsi, sonra da onu tǝqib edǝn Fironun öz ordusuyla birgǝ çayda boğulmasının mǝrhǝlǝlǝri nǝql edilmişdir.

Ayǝdǝ diqqǝt etmǝk gǝrǝkǝn nöqtǝ, bol suda açılacaq olan yolun, gecǝ yürüşü sayǝsindǝ açılmasıdır. Bu ibarǝ, “adamları gecǝlǝr işlǝtmǝklǝ, başqalarının diqqǝtini cǝlb etmǝdǝn, işin yavaş-yavaş yoluna qoymaq” mǝnasına gǝlmǝkdǝdir.

Qurandakı ifadǝlǝrǝ görǝ bu hadisǝlǝr bir neçǝ dǝqiqǝ yaxud saatda deyil, uzun bir müddǝtdǝ baş tutmuşdur. Musa peyğǝmbǝr Misirǝ qayıtdıqda Fironun mülkündǝki qövmünün arasında illǝrlǝ qorxusuz-hürküsüz bir şǝkildǝ fǝaliyyǝt göstǝrmişdir.

Ayǝdǝki xaşyǝt sözü dǝ, elǝdiklǝrinin Firona xǝyanǝt olduğunu fikirlǝşmǝmǝsi üçün bir xǝbǝrdarlıqdır. Belǝ ki, Şuǝra surǝsinin 18-19-cu ayǝlǝrindǝ görürük ki, Firon Musanı nankorluq vǝ xǝyanǝtdǝ günahlandırmışdır:

“O [Firon]: ‘Biz sǝni uşaqkǝn öz yanımızda böyütmǝdikmi? Ömrünün bir çox ilini bizim aramıda keçirmǝdinmi? Axırda elǝdiyini dǝ elǝdin. Sǝn nankorun birisǝn…’ dedi.”

[xiv] Bax: 115 nömrǝli qeyd.

[xv] Bu hissǝdǝ dǝ bǝzi ayǝlǝr texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝn fǝrqli düzülmüşdür. Ayǝlǝrin hansı ardıcıllıqla düzüldüyü nǝcmin altında göstǝrilmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.

[xvi] Bax: 56 nömrǝli qeyd.

[xvii] Bax: 39 nömrǝli qeyd.

[xviii] Bax: 98 nömrǝli qeyd.

[xix] Bax: 200 nömrǝli qeyd.