TƏHRİM SURƏSİ
MƏDİNƏ DÖVRÜ

TƏHRİM SURƏSİ

Nəcm: 650

1. Ey Peyğəmbər! Zövcələrinin razılıqlarını diləyərək Allahın halal etdiyi şeyi nə üçün sən özünə haram edirsən? Və Allah çox bağışlayan, çox rəhm edəndir.

2. Allah, kəffarə verərək andlarınızı ləğv etməyi həqiqətən sizə caiz etmişdir. Və Allah sizin ixtiyar sahibiniz; yardımçı, yol göstərən, himayəçi yaxınınızdır. Və O, ən yaxşı bilən, ən yaxşı qanun qoyandır.

3. Bir də, bir vaxt Peyğəmbər öz zövcələrindən bəzilərinə bir sözü / hadisəni sirr etmişdi. Sonra zövcələrindən biri bunu xəbər etdikdə və Allah, bunu Peyğəmbərə aşkar [əyan] etdikdə, Peyğəmbər hadisənin bir qisimini açıqlamış, bir qisimindən uzaqlaşmışdı / imtina etmişdi. Nəhayət, o zövcəyə bunu özü xəbər verdikdə, o zövcə: “Bunu sənə kim xəbər verdi?” dedi. Peyğəmbər: “Mənə yaxşı bilən, yaxşı xəbərdar olan xəbər verdi” demişdi.

4. Ey Peyğəmbərin iki zövcəsi, səhvlərinizdən [dönüb] Allaha yönəlsəniz sizin üçün yaxşı olar. –Çünki həqiqətən ikinizin qəlbi meyl etdi; imanınız pozuldu, azğınlığa düşdünüz.– Yox, əgər Peyğəmbərə qarşı həmrəy olsanız, heç şübhəsiz onun mövlası; yardımçısı, köməkçisi, himayəçisi, yol göstərəni Allah Özüdür. Cəbrail / Quran və iman edənlərin salehləri də. Və bunlardan sonra nazil olacaq ayələr də ona arxadır.

5. Əgər o sizi boşasa, ümid edilir ki, Rəbbi, ona sizdən daha xeyirli, müslümə, möminə, daima ehtiram göstərən, tövbə edən, oruc tutan / səyahət edən dul və bakirə zövcələr versin.

(107/66, Təhrim / 1-5)

Nəcm: 651

6,7. Ey iman etmiş kəslər! Özünüzü və yaxınlarınızı, yanacağı insanlar və daşlar olan bir Atəşdən qoruyun. Atəşin üstündə, Allaha asi olmayan, verilən əmrləri yerinə yetirən sərt və kobud [tapşırıq almış] qüvvələr var. Ey kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş kəslər]! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq əməllərinizin cəzasını çəkəcəksiniz!

8. Ey iman etmiş kəslər! Xalis, qarışığı olmayan / səmimi bir qayıdışla səhvlərinizdən Allaha dönün. Ola bilsin ki, Rəbbiniz; Peyğəmbəri və onunla birgə iman gətirənləri xəcil etməyəcəyi, işıqlarının onların önlərində və sağ tərəflərində [axıb] gedəcəyi, “Rəbbimiz! İşığımızı tamam-kamal et, bizi bağışla, çünki Sən hər şeyə qadirsən” deyəcəkləri gündə sizin pisliklərinizin üstünü örtsün və sizi, içlərindən çaylar axan cənnətlətə daxil etsin.

(107/66, Təhrim / 6-8)

Nəcm: 652

9. Ey Peyğəmbər! Kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] və münafiqlərə qarşı çalışqan ol, onlarla sərt rəftar et. Onların gedəcəkləri yer də cəhənnəmdir. Və o, necə də pis bir dönüş yeridir.

(107/66, Təhrim / 9)

Nəcm: 653

10. Allah kafirlərə [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə], Nuhun zövcəsi ilə Lutun zövcəsini misal çəkdi. O ikisi Bizim bəndələrimizdən iki saleh bəndənin alçaq zövcələri idilər. Sonra onlara xainlik etdilər. İkisinin də əri peyğəmbər olmalarına baxmayaraq, Allahdan [gələn] heç bir şeyi onlardan dəf edə bilmədi. Və, “Daxil olanlarla birgə siz ikiniz də cəhənnəmə daxil olun!” deyildi.

11. Allah, inanan kəslərə də Fironun zövcəsini misal çəkdi. Bir zaman o, “Ey Rəbbim! Mənə Öz yanında cənnətin içində bir ev tik, məni Firondan və onun əməlindən qurtar. Və məni bu şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən qövmdən xilas et!” demişdi.

12. Və Allah, ismətini bir qala kimi qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz ona vəhyimizlə az da olsa elm verdik.[i] O da Rəbbinin sözlərini və kitablarını təsdiqləyib tətbiq etdi və daim ehtiram göstərənlərdən oldu.

(107/66, Təhrim / 10-12)

Dipnot:

[i] Bax: 91 nömrǝli qeyd.