NUR SURƏSİ
MƏDİNƏ DÖVRÜ

NUR SURƏSİ

Nəcm: 610

1. Nazil etdiyimiz və hissə-hissə ayırdığımız bir surə! Öyüd alasınız deyə onda açıq-aşkar ayələr də nazil etdik.

2. Zina edən qadın və zina edən kişi, dərhal hər birini yüz qamçı ilə qamçılayın, Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində sizi, onlara qarşı mərhəmət hissi [bu işdən] saxlamasın! Və möminlərdən bir dəstə onların cəzalandırılmasına şahid olsun.

4. Və evli, azad qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən kəslər; dərhal bunları səksən qamçı ilə qamçılayın və onların şahidliyini ömürləri boyu qəbul etməyin. Və onlar məhz yoldan çıxanlardır.

6,7. Zövcələrinə zina isnad edib özlərindən başqa şahidləri olmayanlar [ki var]; onların hər birinin şahidliyi, özünün doğru danışanlardan olduğuna dair dörd dəfə [Allahı şahid tutmaq], beşinci dəfə isə, əgər yalan deyirsə Allahın lənətinin [Allah tərəfindən uzaqlaşdırılıb gözdən salınmağın] öz üstünə olmasına Allahı şahid tutmaq [“Yalan deyirəmsə, Allah mənə lənət etsin” demək] şəklində olmalıdır.

8,9. Qadının, ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə [Allahı şahid tutması], beşinci dəfə isə, əgər əri doğru deyirsə Allahın qəzəbinin öz üstünə olmasına Allahı şahid tutması [“Ərim doğru deyirsə, Allah mənə qəzəb eləsin” deməsi], cəzanı özündən dəf edər.

5. Ancaq böhtan atdıqdan sonra tövbə edən; böhtan atdığını etiraf edən və bir daha eləməyəcəyinə söz verən və [özünü] kəslər istisna olmaqla. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmətlidir.

10. Bəs Allahın sizə lütfü və mərhəməti olmasaydı!.. Və həqiqətən Allah, tövbələri çox qəbul edən, çox tövbə fürsəti verən, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edən olmasaydı…

3. Zina edən kişi, zina edən və ya şərik qoşan bir qadından başqası ilə evlənmir; zina edən bir qadınla da yalnız zinakar yaxud şərik qoşan kişi evlənir. Və bu; belə evlilik qaydası möminlərə haram edilmişdi.[i]

(102/24, Nur / 1-2, 4, 6-9, 5, 10, 3)

Nəcm: 611[ii]

11. Şübhəsiz, bu ağır böhtanı gətirənlər, sizdən bir dəstədir.

–Bunu özünüz üçün bir pislik zənn etməyin; əksinə, o, sizin üçün bir yaxşılıqdır.–

Onlardan hər biri üçün günahdan qazandığı [pay] var [hər birinin qazandığı günahın cəzası var]. Onlardan günahın böyüyünü söyləyən kəs üçün də çox böyük bir əzab var.

12. Bunu eşitdiyiniz zaman, mömin kişi və qadınlar, bu böhtanı eşitdikdə özləri üçün xeyir olduğunu düşünməli və “Bu açıq-aydın bir böhtandır!” deməli deyildilərmi?

13. Bu iddianı meydana atanlar, buna dair dörd şahid gətirməli deyildilərmi? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.

14. Əgər dünyada və axirətdə Allahın lütfü və mərhəməti olmasaydı, içinə düşdüyünüz şeylərdə həqiqətən sizə böyük bir əzab toxunardı.

15. O zaman siz bu böhtanı bir-birinizin ağzından alır və barəsində heç bir şey bilmədiyiniz bu uydurma xəbəri öz dillərinizlə deyirdiniz və bunun əhəmiyyətsiz bir şey olduğunu sanırsınız. Halbuki bu, Allah yanında çox böyükdür.

16. Və onu eşitdiyiniz zaman, “Bunu danışa-danışa durmaq bizə yaraşmaz. Sübhanəkə! Allahım sən paksan, bu, çox böyük bir böhtandır…” deməli deyildinizmi!

17. Əgər siz inanan kəslərsinizsə, onun bir bənzərini əbədiyyən təkrarlamamağı Allah sizə tövsiyə edir.

18. Və Allah, ayələrini sizin üçün izah edir və Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

(102/24, Nur / 11-18)

Nəcm: 612

19. Şübhəsiz, inanan kəslər içində həddi aşmağın, iffətsizliyin yayılmasını sevən kəslər üçün dünyada və axirətdə ağrılı bir əzab var. Və Allah bilir, siz bilməzsiniz.

20. Və sizin üstünüzdə Allahın lütfü və mərhəməti [olmasaydı] və həqiqətən Allah çox şəfqətli və çox mərhəmətli olmasaydı…

21. Ey iman etmiş kəslər! Şeytanın izindən getməyin. Və kim şeytanın izindən getsə, bunu bilsin ki, o, həddini aşmağı, iffətsizlik etməyi və bütün çirkin işləri əmr edər. Və əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç bir kimsə əbədiyyən təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

23. Şübhəsiz, azad, evli, heç bir şeydən xəbəri olmayan mömin qadınlara zina isnad edən kəslər, dünya və axirətdə uzaqlaşdırılmışdır. Və onlar üçün çox böyük bir əzab var.

24. O gün onların dilləri, əlləri və ayaqları, etdikləri əməllər barəsində onların öz əleyhinə şahidlik edəcək.

25. O gün Allah, onlara [əməllərinin] əsl əvəzini əskiksiz verəcək. Onlar da Allahın, məhz açıq-aşkar haqq olduğunu biləcəklər.

26. Pis qadınlar pis kişilər, pis kişilər də pis qadınlar üçündür; təmiz qadınlar təmiz kişilər, təmiz kişilər də təmiz qadınlar üçündür / pis sözlər, çirkin işlər pis adamlara yaraşar. Yaxşı-gözəl söz və işlər də, yaxşı-gözəl adamlara yaraşar. Bax onlar, böhtan atanların söylədiklərindən çox uzaq olanlardır. Onlar üçün bağışlanma və dəyərli bir ruzi var.

22. Və sizdən üstünlük və genlik [rifah] sahibi olan kəslər qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə [heç bir şey] verməyəcəklərinə and içməsinlər; bağışlasınlar, əfv etsinlər. Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.[iii]

(102/24, Nur / 19-21, 23-26, 22)

Nəcm: 613

27. Ey iman etmiş kəslər! Öz evinizdən başqa evlərə, fərq edilmədən və ev sahiblərinə salam vermədən daxil olmayın. Bu, düşünüb öyüd-nəsihət götürmək baxımından, sizin üçün daha yaxşıdır.

28. Sonra da orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Və əgər sizə, “Geri qayıdın!” deyilsə, dərhal qayıdın; bu, sizin üçün daha təmiz [bir davranışdır]. Və Allah, işlədiyiniz əməlləri ən yaxşı biləndir.

29. İçində sizə məxsus qiymətli bir şey olan, yaşayışsız evlərə girməkdə sizin üçün bir günah yoxdur. Və Allah, sizin aşkar etdiyiniz şeyləri də, gizlədiyini şeyləri də bilir.

(102/24, Nur / 27-29)

Nəcm: 614

30. Mömin kişilərə, baxışlarını məhdudlaşdırmalarını və ismətlərini qorumalarını söylə. Bu, onlar üçün daha pak [bir davranışdır]. Şübhəsiz ki, Allah onların nə etdikləri barədə dərin məlumata malikdir.

31. Mömin qadınlara da, baxışlarını məhdudlaşdırmalarını və ismətlərini qorumalarını söylə. Zinətlərini də –açıqda olanlar istisna olmaqla– üzə çıxarmasınlar [göstərməsinlər]. Örtüklərini də [libaslarının] yaxasındakı kəsiklərin  üstünə salsınlar. Və bəzəklərini, ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları,[iv] qadına ehtiyacı qalmamış kişilər arasından [seçilən] xidmətçilər və qadınların müdafiəsiz yerlərini [arxalarını və cinsiyyət üzvlərini] başa düşəcək yaşa hələ gəlməmiş uşaqlar xaricində qalanlar üçün üzə çıxarmasınlar [göstərməsinlər]. Gizlətdikləri zinətlərini bildirmək üçün ayaqlarını [yerə] vurmasınlar. Və ey möminlər! Müvəffəqiyyətə çatmaq üçün hamılıqla səhvinizdən Allaha [tərəf] qayıdın!

(102/24, Nur / 30-31)

Nəcm: 615

32. Və aranızdan yoldaşı olmayanları, kişi kölələrinizdən və qadın kölələrinizdən yaxşı olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Şübhəsiz ki, Allah, elmi və mərhəməti geniş və sərhədsiz olandır, ən yaxşı biləndir.

33. Və evlənməyə imkan tapa bilməyənlər; Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qorusunlar. Qanunlar çərçivəsində himayənizə verilənlərdən azaldığa çıxmaq üçün yazı / müqavilə istəyənlərlə, əgər onlarda bir yaxşılıq [xeyir] görürsünüzsə, dərhal yazışın / müqavilə bağlayın. Allahın sizə verdiyi Allahın malından siz də onlara verin. Və bəsit dünya həyatının müvəqqəti mənfəətlərini əldə edəcəksiniz deyə, sərbəstliklərini qazanmaq, evlənmək istəyən gençlerinizi baş qaldırmaq / üsyan etmək məcburiyyətində qoymayın, onları mütləq azadlıqlarına qovuşdurun. Kim onları buna məcbur etsə, bilin ki, heç şübhəsiz Allah, onların məcbur edilməsindən sonra çox bağışlayan və mərhəmətlidir.

34. Və and olsun ki, Biz sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib keçən insanlardan misallar və Allahın mühafizəsi altına daxil olan kəslər üçün öyüd-nəsihət nazil etdik.

(102/24, Nur / 32-34)

Nəcm: 616

35. Allah, göyləri və yer üzünü; kainatı işıqlandıran tək Zatdır, başqasının işıqlandırması mümkün deyil. Onun nurunun; Quranın misalı, içində çıraq olan bir çıraqdan kimidir; o çıraq bir şüşənin içindədir; o şüşə, sanki inciyə bənzər bir ulduz kimidir ki, nə şərqə, nə də qərbdə olan [dünyanın hər yerində olan] bərəkətli bir zeytun ağacındandır. –O ağacın yağı, az qala ona od toxunmasa belə, işıq saçır.– Nur üstündə nurdur. Allah, diləyən kimsəni nuruna yönəldər. Allah insanlar üçün misallar çəkir və Allah, hər şeyi ən yaxşı biləndir.

(102/24, Nur / 35)

Nəcm: 617

36-38. Allahın, ucaldılmasına və içərisində Öz adının yad edilməsinə izin verdiyi evlərdə, Onu daima pak tutan elə kişilər var ki, ticarət və alış-veriş onları Allahı yada salmaqdan, səlatı yerinə yetirməkdən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını meydana gətirməkdən, qoruyub-yaşatmaqdan] və zəkatı / vergilərini verməkdən yayındırmaz. Onlar, Allah, işlədikləri əməllərin əvəzini ən gözəli şəkildə versin və onlara lütfünü artırsın deyə, qəlblərin və gözlərin tərs çevrildiyi bir gündən qorxarlar. Və Allah, dilədiyi kəslərə saysız-hesabsız ruzi verər.

39,40. Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər]; onların əməlləri, kimsəsiz səhradakı ilğıma bənzəyər ki, susamış kimsə onu su zənn edər, ona çatdıqda isə heç bir şey tapa bilməz. Yanında Allahı görər. Sonra da Allah onun hesabını əskiksiz ödəyər. Allah, çox tez haqq-hesab çəkər. Yaxud çox dərin, əngin dənizdəki qatı zülmətinə bənzər; onu bir dalğanın üstündən daha bir dalğa örtər; üstündə də bulud var. Üst-üstə qaranlıqlar… Kimə, əlini çıxarıb uzatsa, az qala onu belə görə bilməz. Və Allah, kimə nur bəxş etməmişdirsə, artıq o kimsə üçün nurdan hər hansı bir pay yoxdur.

(102/24, Nur / 36-40)

Nəcm: 618

41. Göylərdə və yer üzündə olanların, qatar-qatar uçanların [quşların, arıların, buludların, boranların] Allahı hər cür nöqsanlıqdan pak tutduqlarını görmədinmi / heç düşünmədinmi? Hamısı öz pak tutma işini və dəstəyini / təbiətə verəcəyi töhfəni həqiqətən bilir. Allah da, onların işlədikləri əməlləri ən yaxşı biləndir.

42. Göylərin və yer üzünün hökmranlığı yalnız Allaha məxsusdur. Qayıdış da Allahadır.

43. Şübhəsiz, Allahın, buludları qovduğunu, sonra onları bir yerə topladığını, sonra da üst-üstə yığdığını görmədinmi / heç düşünmədinmi? Görürsən ki, onların arasından yağışı çıxarır. Və O, göydən, içində dolu olan dağ kimi [dağ boyda] buludları endirər və istədiyini onun hədəfi halına gətirər, istədiyini də ondan uzaq saxlayar. Şimşəyin parıltısı az qala gözləri kor edər!

44. Allah gecəni və gündüzü çevirər [dəyişdirər]. Şübhəsiz, bəsirət sahibləri üçün həqiqətən bir ibrət var.

45. Və Allah hər canlını sudan əmələ gətirdi. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gedir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini əmələ gətirər. Heç şübhəsiz ki, Allah, hər şeyə ən yaxşı qadir olandır.

46. And olsun ki, Biz, aydınlıq gətirən ayələr nazil etdik. Və Allah, diləyən kimsəni doğru yola yönəldər.

(102/24, Nur / 41-46)

Nəcm: 619

47. Və onlar: “Allaha və Elçiyə iman gətirdik, itaət etdik” deyirlər. Sonra da onlardan bir dəstə, üz çevirir və onlar möminlər deyil.

48. Və aralarında hakimlik etmək üçün Allaha və Elçisinə [tərəf] çağırıldıqları zaman, görürsən ki, onlardan bir dəstə [üz çevirib] uzaqlaşar.

49. Amma əgər haqq onların tərəfində olsa, ona [peyğəmbərə] könüldən bağlı kəslər kimi gəlirlər.

50. Yaxşı, onların qəlblərində bir xəstəlikmi var; onların düşüncəsimi korlanıb? Yoxsa şübhəyəmi düşüblər? Yoxsa Allahın və Elçisinin onlara haqsızlıq edəcəyindən qorxurlar? Əksinə, onlar məhz səhv iş görənlər; öz zərərinə olan əməli işləyənlərdir!

51. Aralarında hakimlik etmək üçün Allaha və Elçisinə [tərəf] çağırıldıqları zaman, möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik” oldu. Bax onlar, məhz nicat tapanlardır.

52. Və kim Allaha və Elçisinə itaət edər, Allah qarşısında ehtiram, məhəbbət və elmlə ürpərər və Onun mühafizəsi altına daxil olarsa, bax məhz onlar müvəffəqiyyətə çatanlardır.

53. Və o münafiqlər, sən onlara əmr etdiyin zaman mütləq döyüşə çıxacaqları haqda ən ağır andlarla Allaha möhkəm and içdilər. De ki: “And içməyin. İtaət, adət-ənənəyə uyğun / yaxşı olduğu hər kəs tərəfindən qəbul edilən şəkildə olar [mərufdur]! Şübhəsiz ki, Allah əməllərinizdən xəbərdardır.”

54. De ki: “Allaha itaət edin, Elçiyə itaət edin.” Əgər üz döndərsəniz, bilin ki, onun öhdəsində olan [borc], yalnız ona tapşırılandır. Sizin öhdənizdəki də [sizin borcunuz da] sizə tapşırılandır. Əgər Elçiyə itaət etsəniz, yönləndirildiyiniz doğru yola daxil olarsınız. Elçinin öhdəsində olan da, yalnız açıq-aşkar təbliğ etməkdir.

(102/24, Nur / 47-54)

Nəcm: 620

55. Və Allah sizlərdən iman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəslərə vəd etmişdir ki, onlardan əvvəlkiləri başqalarının yerinə gətirdiyi [onlardan əvvəlkiləri yer üzünün varisləri etdiyi] kimi, onları da başqalarının yerinə gətirəcək [onları da yer üzünün varisləri edəcək], onlar üçün böyənib seçdiyi dini onlar üçün bərqərar edəcək [möhkəmləndirəcək] və onların qorxusunu mütləq əmin-amanlıqla [xatircəmliklə] əvəz edəcək. Onlar Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar. Bundan sonra kim küfr işləsə [Mənim məbud və rəbb olduğumu bilə-bilə inkar etsə / inanmasa], bax məhz onlar yoldan çıxanlardır.

56. Və [sizə] mərhəmət edilməsi üçün səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını qurun, qoruyun], zəkatı / vergini verin və o Elçiyə itaət edin.

57. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] yer üzündə aciz qoyacaqlarınıqətiyyən güman etmə / qətiyyən güman etməsinlər! Onların da gedəcəyi yer Atəşdir. Həqiqətən də o, necə də pis bir gediş yeridir!

(102/24, Nur / 55-57)

Nəcm: 621

58. Ey iman etmiş kəslər! Qanunlar çərçivəsində himayənizə verilənlər[v] və sizlərdən həddi-büluğa çatmayanlar üç halda icazə alsınlar: Səhər təhsil-tədris işindən əvvəl, günorta vaxtı paltarınızı çıxardığınızda, gecə təhsil-tədrisindən sonra. Bunlar, sizin açıq və müdafiəsiz [olduğunuz] üç zamandır. Bunların xaricində sizə də, onlara da bir günah yoxdur. Aranızda gəzərlər, bəzləriniz bəzilərinizdən üstündür. Allah ayələri sizin üçün bax belə izah edir. Allah, çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

59. Və sizdən olan uşaqlar həddi-büluğa çatdıqda, özlərindən əvvəlki kəslər; böyük qardaşları, böyük bacıları kimi icazə istəsinlər. Allah Öz ayələrini sizin üçün belə izah edir və Allah çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

60. Və evlənmək ümidi qalmayan yaşlı qadınların zinətlərini göstərmədən üst paltarlarını çıxarmasında onlar üçün bir günah yoxdur. Və iffətli olmaları özləri üçün daha xeyirlidir. Və Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

61. Kora günah yoxdur; topala günah yoxdur; xəstəyə günah yoxdur; sizin üçün də öz evlərinizdə və ya atalarınızın evlərində və ya analarınızın evlərində və ya qardaşlarınızın evlərində və ya bacılarınızın evlərində və ya əmilərinizin evlərində və ya bibilərinizin evlərində və ya dayılarınızın evlərində və ya xalalarınızın evlərində və ya açarlarına malik olduğunuz yerlərdə yaxud dostunuzun evlərində yemək yeməkdən heç bir günah yoxdur. Hamılıqla və ya ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə girdiyiniz zaman, Allah tərəfindən bərəkətli və gözəl bir ömür diləyərək özünüz üçün əmin-amanlığı təmin edin. Allah, ağlınızı işlədəsiniz deyə istifadə ayələri sizə ayələrini beləcə izah edir.

(102/24, Nur / 58-61)

Nəcm: 622

62. Möminlər ancaq Allaha və Elçisinə inanmış, Elçi ilə birlikdə ictimai bir işlə məşğul olarkən ondan izin almamış çıxıb getməyən kəslərdir. Şübhəsiz ki, səndən icazə istəyən kəslər [ki var]; bax onlar, Allaha və Elçisinə iman etmiş kəslərdir. Elə isə, bəzi işləri üçün səndən icazə istəsələr, onlardan özün istədiyinə icazə ver, onlar üçün Allahdan bağışlanmaq dilə. Şübhəsiz ki, Allah, çox bağışlayandır, çox rəhm edəndir.

63. Aranızda Elçini çağırmağı, bəzilərinizin bəzilərinizi çağırması kimi etməyin. Gizlənərək sovuşub gedənləri Allah həqiqətən bilir. Bu səbəblə, Onun əmrinə zidd hərəkət edənlər, başlarına bir ictimai bəla gəlməsindən yaxud çox ağrılı bir əzaba düçar olmaqdan həzər etsinlər.

64. Gözünüzü açın! Həqiqətən, göylərdə və yer üzündə olan şeylər Allaha məxsusdur. O, sizin nə halda [hansı yolda] olduğunuzu həqiqətən bilir. Ona qaytarılacaqları gün, işlədikləri əməlləri dərhal onlara xəbər verəcəkdir. Və Allah, hər şeyi ən yaxşı biləndir.

(102/24, Nur / 62-64)

Dipnot:

[i] Bu hissǝdǝki ayǝlǝr texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıqla düzülmüşdür.

[ii] “İfk” hadisǝsi, münafiqlǝrin, Peyğǝmbǝri vǝ möminlǝri gözdǝn salmaq, İslam cǝmiyyǝtini parçalamaq, başda Əbubǝkr olmaqla, Peyǝmbǝrlǝ yaxın dostlarının arasını vurmaq, mühacirlǝrlǝ ǝnsar arasında ixtilaf yaratmaq mǝqsǝdi ilǝ Peyğǝmbǝrin mǝhrǝm ailǝ sirlǝrini hǝdǝfǝ götürǝrǝk, region vǝ qǝbilǝ tǝǝssübündǝn istifadǝ etmǝk surǝtiylǝ müraciǝt etdiklǝri bir mǝnfi propaqanda vǝ iftira kampaniyasıdır. Bu propaqanda müvǝffǝqiyyǝtǝ nail olmuş vǝ iki müsǝlman camaatı bir-birlǝrinin üstünǝ qılınc çǝkǝcǝk sǝviyyǝyǝ gǝtirmişdir. Peyğǝmbǝrin müdaxilǝsi sayǝsindǝ onları sakitlǝşdirmǝk mümkün olmuşdur. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.

[iii] Bax: 353 nömrǝli qeyd.

[iv] Bax: 303 nömrǝli qeyd.

[v] Bax: 303 nömrǝli qeyd.