NƏHL SURƏSİ
MƏKKƏ DÖVRÜ

NƏHL SURƏSİ

Nəcm: 299

1. Allahın əmri mütləq gələcək. Artıq onu tələsik istəməyin. Allah, onların şərik qoşduqları şeylərdən pakdır və ucadır.

2. Allah, bəndələrindən istədiyinə, xəbərçi ayələri / vəhyi, Özünə xas bir iş olaraq ruh / can ilə birlikdə: “Şübhəsiz ki, Məndən başqa məbud yoxdur, o halda Mənim mühafizəm altına daxil olun deyə xəbərdarlıq edin” vəzifəsiylə nazil edər.

3. Allah, göyləri və yer üzünü haqq ilə əmələ gətirdi. O, onların şərik qoşduqları şeylərdən ucadır.

4. Allah, insanı bir nütfədən əmələ gətirdi. Bir də görürsən ki, o, açıq-aşkar bir düşmən kəsildi.

5. Heyvanları O yaratmışdır. Onlarda sizi isidəcək şeylər və bir çox faydalar vardır. Siz, onlardan bir qismini də yeyirsiniz.

6. Və heyvanlarda, axşam vaxtı gətirdikdə və səhər göndərdikdə, sizin üçün bir gözəllik var.

7. Və heyvanlar, ancaq canınızın bir hissəsi tükənməklə / çox yorularaq çata biləcəyiniz bir məmləkətə yüklərinizi daşıyar. Şübhəsiz ki, sizin Rəbbiniz, həqiqətən çox şəfqətlidir, çox mərhəmətlidir.

8. Və Allah, onlara minəsiniz, həm də zinət olsun deyə, atları, qatırları və uzunqulaqları yaratmışdır. Bilmədiyiniz şeyləri də O əmələ gətirir.

9. Yolun doğrusunu [göstərmək] yalnız Allaha aiddir. Yolun əyrisi də vardır. Və əgər Allah istəsəydi, sizi hamılıqla doğru yola yönləndirərdi.

10,11. O, sizin üçün göydən bir su endirdi. İçkiləriniz ondandır. Heyvanları otlatdığınız ağaclar-bitkilər də ondandır. Allah, su ilə sizin üçün əkin, zeytun, xurmalıqlar, üzümlər və bütün meyvələrdən bitirir. Şübhəsiz ki, yaxşıca düşünən bir qövm üçün həqiqətən bunların hərəsində bir işarət / nişan var.

12. Və Allah, gecəni və gündüzü, günəşi və ayı sizə ram etdi / sizin faydalanmağınıza uyğun xüsusiyyətlərdə yaratdı. Bütün ulduzlar da Onun əmrinə boyun əymişlər. Şübhəsiz ki, bunda ağlını işlədən bir qövm üçün işarətlər / nişanələr vardır.

13. Yer üzündə sizin üçün müxtəlif rənglərdə yaratdığı şeyləri də sizin ixtiyarınıza vermişdir. Şübhəsiz ki, bunda öyüd alan bir qövm üçün həqiqətən bir işarət / nişan var.

14. Və O, dənizdən təzə ət yeyəsiniz və taxdığınız zinət əşyasını ondan çıxarasınız deyə, nemətlərindən ruzi axtarmağınız üçün və sizə verilən nemətlərin əvəzini ödəməyiniz üçün dənizi sizə ram edəndir. –Gəmilərin dənizdə suyu yararaq getdiyini görürsən.–

15,16. Və Allah sizə süfrə olsun deyə yerin içində sabit-möhkəm dağlar, çaylar və siz yönləndirildiyiniz doğru yolu tapa biləsiniz deyə yollar və daha neçə-neçə əlamətlər qoymuşdur. Və onlar ulduzlarla / dəstə-dəstə Quran ayələriylə yollarını tapırlar.

17. Elə isə yaradan / Allah, yarada bilməyən uydurma məbudlar ilə bir olarmı? Hələ də düşünməyəcəksinizmi?

18. Və əgər Allahın nemətlərini sayası olsanız, onları sayıb qurtara bilməzsiniz. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və lütfü bol olandır, geniş mərhəmət sahibidir.

19. Və Allah, gizlində saxladığınızı və aşkara çıxardığınızı bilir.

(70/16, Nəhl / 1-19)

Nəcm: 300

20,21. Və onların, Allahın altındakılardan yalvardıqları şeylər hər hansı bir şey əmələ gətirə bilməzlər, özləri yaradılmışdır, ölüdürlər, diri deyillər. Nə zaman diriləcəklərini də dəqiq bilmirlər.

22. Sizin məbudunuz tək olan məbuddur. Artıq, axirətə inanmayan kəslər; onların qəlbləri inkar etməyə çalışmaqdadır və onlar, özlərinin böyük olduğuna inanan kəslərdir.

23. Heç şübhə yoxdur ki, Allah onların gizlədiklərini və aşkar etdiklərini bilir. Şübhəsiz ki, Allah, özlərinin böyük olduğuna inananları sevməz.

24,25. Və onlara: “Rəbbiniz nə nazil etmişdir?” deyildiyi zaman, onlar, qiyamət günü öz günahlarını tam olaraq daşımaq və nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarının bir qismini də daşımaq üçün: “Keçmişdəkilərin əfsanələrini” dedilər. Diqqət edin, daşıdıqları şey necə də pisdir!

26. Şübhəsiz, onlardan əvvəlki kəslər tələ qurdular, Allah da onların divarlarına bünövrəsindən vurdu. Sonra da tavan başlarına çökdü. Və onlara əzab, ağıllarına gəlməyən bir tərəfdən gəldi.

27. Sonra qiyamət günü Allah onları rüsvay edəcək və “Uğrunda düşmənçilik etdiyiniz şəriklərim haradadır?” deyəcək. Özlərinə elm verilmiş olan kəslər: “Şübhəsiz ki, bu gün kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] rüsvayçılıq və pislik var” deyəcəklər.

(70/16, Nəhl / 20-27)

Nəcm: 301

28. Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən [və bununla] özlərinə haqsızlıq edən o kəslərə, mələklər, keçmişdə etdiklərini və etmələri lazım gəldiyi halda etmədiklərini bir-bir xatırladacaqlar. Artıq, tabeçilik göstərərək: “Biz, heç bir pislik etmirdik” [deyərlər]. Əksinə, şübhəsiz Allah, sizin etdiklərinizi çox yaxşı biləndir.

29. “O halda içində həmişəlik qalanlar olaraq cəhənnəmin qapılarına girin!” deyilər. Bax, təkəbbürlülərin yeri necə də pisdir!

30-32. Və Allahın mühafizəsi altına daxil olan kəslərə: “Rəbbiniz nə nazil etmişdir?” deyildikdə, onlar: “Xeyir [yaxşılıq]” deyəcəklər. Bu dünyada gözəl-yaxşı əməl işləyənlərə yaxşılıq-gözəllik var. Axirət yurdu isə şübhəsiz ki, daha xeyirlidir. Və Allahın mühafizəsi altına daxil olan kəslərin yurdu; Ədn cənnətləri necə gözəldir! Onlar oraya daxil olacaqlar. Onun altından çaylar axar. Orada onlar üçün istədikləri şeylər vardır. Allah, Özünün mühafizəsi altına daxil olan kəslərə bax belə əvəz verər. Allahın müdafiəsi altına daxil olan kəslər o kəslərdir ki, mələklər onları xoş [qarşılayıb] rahat qəbul edərək, onlara keçmişdə etdiklərini və etmələri lazım olduğu halda etmədiklərini bir-bir xatırladarlar. “Sizə salam olsun, etmiş olduğunuz işlərin əvəzi olaraq girin cənnətə!” deyərlər.

(70/16, Nəhl / 28-32)

Nəcm: 302

33,34. Onlar özlərinə, təbiət güclərinin gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər! Onlardan əvvəlkilər də belə etmişdilər. Və Allah onlara haqsızlıq etmədi, lakin onlar şirk qoşaraq özlərinə haqsızlıq etmişdilər, səhv; öz zərərlərinə olan əməli işləmişdilər. Bunun üçün, etdiklərinin cəzası nəhayət özlərinə yetişdi. İstehza etdikləri şey də özlərini bürüdü.

35. Və Allaha şərik qoşan bu kəslər: “Allah istəsəydi, biz və atalarımız Onun altındakılardan heç bir şeyə ibadət etməzdik və Onun altındakılardan heç bir şeyi haram etməzdik / müqəddəs qəbul etməzdik” dedilər. Onlardan əvvəlki kəslər belə etdilər. Elçilərin vəzifəsi ancaq açıq-aşkar bir təbliğdən başqa nə olar?

36. Və and olsun ki, Biz hər ümmətə: “Allaha ibadət edin və tağutdan[i] çəkinin” deyə bir elçi göndərdik. Artıq, Allah bu ümmətlərdən bir qisiminə doğru yolu göstərdi, bir qisiminə da azğınlıq haqq oldu. İndi yer üzündə gəzib-dolaşın və baxın görün inkar edənlərin aqibəti necə oldu?

37. Sən, onların doğru yolda olmalarını həddən artıq istəsən də, artıq, Allah yoldan çıxartdığı kəsi doğru yola yönəltməz. Onlar üçün heç bir yardımçı da yoxdur.

38,39. Və kafirlər, “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” deyə ən güclü andlarıyla Allaha and içdilər. Xeyr, Allah ölüləri, Öz üstünə aldığı gerçək bir vəd olaraq dirildəcəkdir ki, onların, haqqında ixtilafa düşdükləri şeyi onlar üçün ortaya qoysun və gerçəkləri ört-basdır edən kəslərin yalançı olduqlarını bildirsin.

40. Biz bir şeyi dilədiyimiz zaman, Bizim ona sözümüz yalnız “Ol!” deməkdir. O da dərhal olar.

(70/16, Nəhl / 33-40)

Nəcm: 303

41,42. Və haqsızlığa məruz qaldıqdan sonra Allah yolunda hicrət edən kəslər, həqiqətən, Biz onları, səbr edən və işin nəticəsini yalnız Rəbbinə həvalə edən o kəsləri bu dünyada gözəl bir yerdə sakin edəcəyik. O birinin / axirətin muzdu isə daha böyükdür. Kaş ki, biləydilər!

43,44. Və Biz səndən əvvəl də, yalnız özlərinə vəhy etdiyimiz yetkin insanları açıq dəlillərlə və yazılı sənədlərlə elçi olaraq göndərdik. Əgər bilmirsinizsə, Tövrat və İncili bilən alimlərdən soruşun. Biz sənə də o öyüdü / Quranı, özlərinə nazil olanı meydana çıxarasan, onlar da yaxşı-yaxşı düşünsünlər deyə nazil etdik.

45-47. Bəs, hiyləgərcə pislikləri planlayanlar; Allahın onları yerə batırmayacağından, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzab gəlməyəcəyindən, yaxud onlar gəzib-dolanarkən Allahın onları yaxalamayacağından –üstəlik, onlar aciz qoya bilən də deyillər– yaxud da onları tədriclə / qorxu içində yaxalamayacağından əmindirlərmi? Şübhəsiz, sizin Rəbbiniz, həqiqətən çox şəfqətlidir, çox mərhəmətlidir.

48. Onlar, kölgələri Allaha boyun əyərək, kiçilərək sağdan sola dönən, Allahın yaratdığı bəzi şeyləri görmədilərmi / bunları heç düşünmədilərmi?

49,50. Və göylərdə və yer üzündə olan canlılar və təbiət qüvvələri, təkəbbür göstərmədən Allaha boyun əyərlər. Özlərinin üstündəki Rəbbindən qorxar və onlara əmr edilən şeyləri edərlər.

(70/16, Nəhl / 41-50)

Nəcm: 304

51. Və Allah buyurdu: “İki məbud qəbul etməyin. O, ancaq tək olan məbuddur. O halda, yalnız Məndən qorxun / yalnız Mənə ibadət edin.”

52. Göylərdə və yer üzündə olan şeylər də yalnız Ona məxsusdur. Din də daim Ona ​​məxsusdur. Belə olduğu halda, siz özünüzü Allahdan başqasının mühafizəsi altınamı daxil edirsiniz?

53. Və yaxşılıq adına sahib olduğunuz nə varsa, Allahdandır. Sonra sizə bir zərər toxunduğu zaman, dərhal yalnız Ona sığınırsınız.

54,55. Sonra, zərəri sizdən dəf etdikdə, sizdən bir dəstə küfr işləmək; özlərinə verdiyimiz şeyləri ört-basdır etmək / verdiyimiz şeylərin əvəzində nankorluq etmək üçün Rəbbinə şərik qoşur. –Haydı, indi bəhrələnin! Lakin tezliklə biləcəksiniz.–

56. Və şərik qoşanlar, özlərinə ruzi olaraq verdiyimiz şeylərdən bilmədikləri şeylərə pay ayırırlar. –Allaha and olsun ki, siz uydurduğunuz bu şeylərdən həqiqətən haqq-hesaba çəkiləcəksiniz.–

57. Və onlar Allaha qızlar isnad edirlər. –Allah, bundan pakdır.– Özləri üçün də istədikləri oğlan uşaqlarını.

58. Və onlardan birinə qızının doğum xəbəri ilə müjdə verdikdə, qəzəblə dolaraq üzü qapqara qaralar.

59. Ona verilən xəbərin / müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər; alçaq və xəcalətli olduğu halda qızı yanında saxlasınmı, yoxsa torpağa basdırsın? Diqqət edin, onların verdikləri hökm / adətləri necə də pisdir!

62. Və bəyənmədiklərini Allah üçün ayırırlar. Və dilləri, ən gözəlin özlərinə məxsus olduğunu, yalan yerə söyləyir. Heç şübhəsiz ki, onlar üçün ancaq atəş vardır və onlar, [hamıdan] öndə [atəşə] itələnəcəklər.

60. Axirətə iman etməyən kəslər üçün pisliyin eynisi var. Ən uca misal isə, Allaha məxsusdur. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

61. Və əgər Allah, səhv işləri səbəbiylə insanları haqq-hesaba çəkib cəzalandırsaydı, yer üzərində irili-xırdalı bütün canlılardan heç bir şey qalmazdı. Lakin onları müəyyən bir müddətə qədər təxirə salar. Artıq, onların möhlətinin sonu gəlincə də, nə bir saat geri qalar, nə də irəli keçə bilərlər.

63. Allaha and olsun ki, Biz həqiqətən səndən əvvəl bəzi ümmətlərə elçilər göndərdik, ancaq şeytan onlara əməllərini bəzəyib gözəl göstərdi. Bax o şeytan, bu gün onların himayəçi, yol göstərən yaxınıdır. Və onlar üçün şiddətli bir əzab vardır.

64. Və Biz, sənə Quranı, sırf haqqında ixtilafa düşdükləri şeyləri onlar üçün aşkara çıxarasan deyə və iman edəcək bir qövmə bir bələdçi, bir mərhəmət olaraq nazil etdik.

(70/16, Nəhl / 51-59, 62, 60-61, 63-64)

Nəcm: 305

65. Və Allah göydən bir su endirdi, onunla yer üzünü öldükdən sonra diriltdi. Şübhəsiz ki, bunda dinləyən bir qövm üçün həqiqətən bir işarət / nişan var.

66. Şübhəsiz ki, sizin üçün keçi, qoyun, dəvə, inəkdə də bir ibrət var. Biz, sizə onların qarnındakı nəcis ilə qan arasındakı şeylərdən, içənlərin boğazından rahat keçən xalis süd içirdirik.

67. Və xurma ağaclarının meyvələrindən və üzümlərdən –siz ondan içki və gözəl ruzi əldə edirsiniz– sizə içirdirik. Şübhəsiz ki, bunda ağlını işlədən bir qövm üçün həqiqətən bir işarət / nişanə var.

68,69. Və Rəbbin bal arısına dağlarda, ağaclarda və qurulacaq çardaqlarda evlər / yuvalar düzəltməsini, sonra ‘Meyvələrin hamısından ye və Rəbbinin asanlaşdırdığı yollara gir’ deyə vəhy etdi. Onların qarınlarından rəngləri müxtəlif olan bir içki çıxar, onda insanlar üçün şəfa vardır. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir qövm üçün, həqiqətən bir işarət / nişanə var.

70. Və sizi Allah əmələ gətirdi, sonra da sizi vəfat[ii] etdirəcək; sizə keçmişdə etdiklərinizi və etməniz lazım olduğu halda etmədiklərinizi bir-bir xatırlatdıracaq. İçinizdən bəziləri də, bildikdən sonra heç bir şey bilməsin deyə, ömrün ən pis zamanına çatdırılar. Şübhəsiz ki, Allah çox elmli və çox qüdrətlidir.

71. Və Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Özlərinə üstünlük verilənlər, öz ruzilərini; yeyib-içməyini, sərvətlərini, əhdnamələrlə himayələrindəki kəslərə,[iii] hamısının ruzisi bərabər olmaq üzrə verməzlər. O halda, onlar Allahın nemətini bilə-bilə ört-basdırmı edirlər?

72. Və Allah sizin üçün özünüzdən zövcələr yaratdı, o zövcələrinizdən də oğullar və nəvələr verdi. Sizə xoş, gözəl, faydalı şeylərdən də ruzilər verdi. İndi onlar batilə inanırlar və Allahın nemətini ört-basdırmı edirlər?

73. Və onlar, Allahın altındakılardan, göylərdən və yer üzündən özlərinə ruzi üçün heç bir şeyə malik olmayan və gücü çatmayan şeylərə ibadət edirlər.

74. Artıq, Allah üçün məsəllər çəkməyin. Şübhəsiz ki, Allah bilir, siz bilməzsiniz.

75. Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul ilə Bizim gözəl bir ruzi verdiyimiz və ondan gizli və açıq olaraq Allah yolunda xərcləyən / yaxınlarının ehtiyacını təmin edən bir kimsəni misal çəkdi: Bunlar bərabər olarmı? –Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz.– Əksinə, insanların çoxu bilməz.

76. Allah iki adamı da misal çəkdi: Bunlardan biri dilsizdir, heç bir şeyə gücü çatmaz; himayəçisinə bir yükdür. Onu hara yollasa, bir xeyir gətirə bilməz. İndi, bu adamla, ədalətlə əmr verən və doğru yolda olan adam bərabər ola bilərmi?

(70/16, Nəhl / 65-76)

Nəcm: 306

77. Və göylərin və yerin görünməyəni, eşidilməyəni, hiss edilməyəni yalnız Allaha məxsusdur. Qiyamətin qoparılması da yalnız göz açıb-yummaq kimidir və ya daha yaxındır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

78. Və Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxardı və sahib olduğunuz nemətlərin əvəzini ödəyəsiniz deyə eşitmə, görmə duyğularını və qəlblər verdi.

79. Göy boşluğunda, bir əmrə tabe etdirilən quşları / buludları görmürlərmi? Onları Allahdan başqası saxlamır. Bunda, inanan bir qövm üçün əlbəttə ki, işarətlər / nişanələr vardır.

80. Və Allah evlərinizi sizə bir dinclik və istirahət yeri etdi. Və heyvanların dərilərindən səfər vaxtı və bir mənzil tutduğunuz günlərdə evlər, [heyvanların] yunundan, qılından və tükündən müəyyən vaxta qədər döşəmə əşyası və qazanc [istifadə avadanlığı] etdi.

81. Və Allah, yaratdıqlarından sizin üçün kölgələr düzəltdi və sizin üçün dağlardan sığınacaqlar etdi. Sizi istidən-soyuqdan qoruyacaq libaslar və sizi özünüzün [bir-birinizin] qəzəbindən qoruyan geyimlər əmələ gətirdi. Bax beləcə, Allah, müsəlman olasınız deyə sizə nemətini artırır.

82. Buna baxmayaraq, əgər üz döndərsələr, artıq sənə düşən yalnız açıq-aşkar bir təbliğdir.

83. Onlar, Allahın nemətini bilirlər, sonra onu tanınmaz hala salırlar [inkar edirlər]. Onların çoxu kafirdir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdir].

(70/16, Nəhl / 77-83)

Nəcm: 307

84. Və hər ümmətdən bir şahid gətirəcəyimiz gün, artıq, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] icazə verilməyəcək. Onlardan üzr diləmələri də istənilməyəcəkdir.

85. Və o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər, əzabı gördükləri zaman, artıq, onların [əzabı] yüngülləşdirilməyəcək və onlara möhlət verilməyəcək.

86. Və şərik qoşan o kəslər, şərik qoşduqları şeyləri gördükləri zaman: “Ey Rəbbimiz! Bax bunlar, Sənin altındakılardan bizim yalvardığımız şəriklərimiz olan kəslərdir” dedilər. Qoşduqları şəriklər da dərhal onlara, “Şübhəsiz ki, siz həqiqətən yalançısınız” deyə söz atdılar.

87. Və onlar, o gün, Allaha təslim oldular. Uydurmuş olduqları şeylər də onlardan uzaqlaşıb getdi.

88. Küfr işləyən; Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən və Allah yolundan döndərən bu kəslərə, Biz törətdikləri fitnə-fəsad səbəbiylə onlara əzab üstündən əzab artırdıq.

89. Və Biz o gün, hər ümmətin içində, özlərindən öz əleyhlərinə bir şahid göndərəcəyik. Səni də onların üstünə şahid gətirəcəyik. Biz bu kitabı da, hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir mərhəmət və bir müjdə olaraq sənə nazil etmişik.

(70/16, Nəhl / 84-89)

Nəcm: 308

90. Şübhəsiz, Allah, ədaləti, yaxşı-gözəl əməl işləməyi və yaxınlara [haqqını] verməyi əmr edir; həyasızlığı, pis işləri və azğınlığı qadağan edir. O, fikirləşib öyüd alasınız deyə sizə öyüd verir.

91. Və əhdnamə bağladığınızda Allahın əhdini / Allaha verdiyiniz sözləri yerinə yetirin. Andlarınızı / əhdnamələrinizi möhkəm etdikdən və Allahı özünüzə möhkəm zamin etdikdən sonra da onları pozmayın. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri bilir.

92. Bir ümmət, digər bir ümmətdən daha çoxdur deyə, andlarınızı aranızda aldatma vasitəsi edərək, ipliyini möhkəm əyirdikdən sonra, onu söküb pozan qadın[iv] kimi də olmayın. Şübhəsiz ki, Allah sizi bununla sınayır. Barəsində ixtilaf etdiyiniz şeyləri qiyamət günü sizə mütləq bildirəcəkdir.

93. Və Allah istəsəydi, əlbəttə, hamınızı vahid bir ümmət edərdi. Lakin Allah istədiyini / istəyəni yoldan azdırar və istədiyini / istəyəni də doğru yola yönləndirər. Və şübhəsiz ki, sizdən bütün etdikləriniz soruşulacaq / bütün etdiklərinizə görə sorğu-sual olunacaqsınız.

94. Və andlarınızı aranızda aldatma və fitnə-fəsad vasitəsi etməyin. Sonra ayaq möhkəm basdıqdan sonra sürüşər və Allah yolundan çıxdığınız üçün əzabı dadarsınız. Böyük əzab da sizin üçündür.

95. Və Allahın əhdini / Allaha verilən sözləri ucuz satmayın. Bilsəniz, həqiqətən Allah yanında olan [savab, mükafat] sizin üçün daha xeyirlidir.

96. Sizin yanınızda olan tükənər, Allahın yanında olan isə əbədidir. Və Biz həqiqətən səbr edənlərə mükafatlarını, etdiklərinin daha gözəl əvəzini verəcəyik.

97. Kişi-qadın, mömin olaraq kim yaxşı əməl işləsə, həqiqətən ona gözəl bir həyat bəxş edəcəyik. Və həqiqətən onların muzdunu, işlədikləri əməllərin daha gözəli ilə mükafatlandıracağıq.

98. Elə isə, Quran öyrənib-öyrətdiyin zaman Rəcim Şeytandan; [ağılınıza dərhal gələn, yaxşı-yaxşı fikirləşib götür-qoy etməyin nəticəsi olmayan, sizi məhvə götürəcək əsassız fikirlər meydana atan zehin qabiliyyətindən] Allaha sığın / sığındığına inan.

99,100. Şübhəsiz ki, iman etmiş və işin nəticəsini Rəbbinə həvalə edən kəslər üzərində Rəcim Şeytanın heç bir məcburedici gücü yoxdur. Onun məcburedici gücü, ancaq özünü köməkçi, yol göstərən, himayəçi yaxın tutanlar və Allaha şərik qoşanlar üzərindədir.

(70/16, Nəhl / 90-100)

Nəcm: 309

101. Və Biz bir ayə yerinə başqa bir ayə gətirdiyimiz zaman –Allah nə nazil etdiyini daha yaxşı bilməsinə baxmayaraq– onlar, “Sən, ancaq uydurursan” dedilər. İşin doğrusu, onların çoxu bilmir.

102. De ki: “Allah, onu; nazil etdiyini, Rəbbindən ruhülqüds; “Cəmiyyəti canlandıran Allah qanunları” olaraq, iman etmiş kəslərin güclənərək kök atmaları / möhkəmlənmələri üçün və müsəlmanlara bir müjdə və bələdçi olmaq üzrə, haqq ilə nazil etmişdir.

103. Və həqiqətən Biz bilirik ki, onlar “Sadəcə, ona bir bəşər öyrədir” deyirlər. Peyğəmbərə öyrətdiyini zənn etdikləri adamın dili başqadır. Quran isə açıq-aşkar ərəbcədir.

104. Şübhəsiz, Allahın ayələrinə iman gətirməyən kəslər; Allah onlara bələdçi olmaz və onlar üçün çox şiddətli bir əzab vardır.

105. Yalanı, yalnız Allahın ayələrinə inanmayan kəslər uydurar. Və yalançılar məhz onlardır.

106. Hər kim iman gətirdikdən sonra küfr işləyər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edər], –qəlbi imanla sakit olduğu [rahatlıq tapdığı] halda,  təzyiqlə məcbur edilən kəs istisna olmaqla– və sinəsini küfrə; inanmamağa açarsa, artıq, onların üstünə Allahdan bir qəzəb var. Bunlar üçün böyük bir əzab da var.

107. Bu, onların dünya həyatını axirətə görə daha cazibədar görmələri və şübhəsiz Allahın da kafirlər tayfasına [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən bir tayfaya] doğru yolu göstərməməsi səbəbiylədir.

108. Onlar, qəlblərini, qulaqlarını və gözlərini Allahın möhürlədiyi kəslərdir. Laqeyd, cahil, qafil olanlar da məhz onlardır.

109. Onların məhz axirətdə ziyana uğrayanlar olduğuna şübhə yoxdur.

(70/16, Nəhl / 101-109)

Nəcm: 310

110. Sonra həqiqətən, sənin Rəbbin, özünə əziyyət edildikdən sonra hicrət edən, sonra səy göstərən və səbr edən kəslər üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra həqiqətən çox bağışlayandır, çox mərhəmətlidir.

111. O gün, hər kəs öz nəfsinin hayında olaraq gələcək və hər kəs etdiyi şeylərin əvəzini əskiksiz alacaq. Və onlar haqsızlığa məruz qalmayacaq.

(70/16, Nəhl / 110-111)

Nəcm: 311

112. Və Allah bir şəhəri[v] misal çəkdi: Bu şəhər, təhlükəsiz, dinc idi və oraya hər yerdən bol-bol ruzi gəlirdi. Lakin onlar Allahın nemətlərinə qarşı nankorluq etdilər. Allah da onlara etdikləri şeylər üzündən aclıq və qorxu libası geydirdi / aclıq və qorxu fəlakətini daddırdı.

113. Və and olsun ki, onlara öz içlərindən bir elçi gəlmişdi, ancaq onu yalan saymışdılar. Belə olduqda, onlar şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işlərkən, əzab onları yaxaladı.

(70/16, Nəhl / 112-113)

Nəcm: 312

114. Artıq, Allahın sizə ruzi olaraq verdiyi şeylərdən halal və təmiz olaraq yeyin. Allahın nemətinin əvəzini verin; əgər yalnız Ona ibadət edirsinizsə.

115. Allah, sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Artıq hər kim təcavüzkarlıq etmədən və həddi aşmadan məcburiyyət qarşısında qalsa, bilsin ki, şübhəsiz, Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və lütfü bol olandır, geniş mərhəmət sahibidir.

116. Və öz dillərinizin yalan danışmasıyla Allaha iftira atmaq üçün, “Bu halaldır, bu haramdır!” deməyin. Şübhəsiz ki, Allaha iftira atan kəslər nicat tapmazlar.

117. Onların dünya mənfəəti çox az bir qazancdır. Və onlar üçün çox şiddətli bir əzab vardır.

118. Biz sənə nəql etdiyimizi [leşi, qanı, donuzun ətini], daha əvvəl yəhudilərə də haram etmişdik. Və Biz onlara haqsızlıq etmədik. Amma onlar şirk qoşaraq özlərinə haqsızlıq edirdilər.

(70/16, Nəhl / 114-118)

Nəcm: 313

119. Sonra həqiqətən, sənin Rəbbin, bir cahilliklə günah işləyən, sonra bunun ardınca tövbə edən və düzəldən kəslər üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra həqiqətən çox bağışlayan və çox mərhəmət edəndir.

120,121. Şübhəsiz, İbrahim səmimiyyətlə Allaha boyun əyən, şərik qoşma inancından dönmüş, Allahın nemətlərinin əvəzini verən ayrı bir ümmət idi. Və o, şərik qoşanlardan olmadı. Və Allah, onu seçdi və düz yola yönəltdi.

122. Və Biz  İbrahimə dünyada yaxşılıq-gözəllik verdik. Və şübhəsiz ki, o, axirətdə də həqiqətən salehlərdəndir.

123. Sonra sənə: “Küfrdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməkdən, şərik qoşmaqdan] dönmüş bir adam olan və şərik qoşanlardan olmayan  İbrahimin dininə / həyat tərzinə tabe ol” deyə vəhy etdik.

(70/16, Nəhl / 119-123)

Nəcm: 314

124. Səbt; düşünüb-daşınma günü,[vi] ancaq, səbt / düşünüb-daşınma günü barədə ixtilafa düşən kəslər üçün qərarlaşdırıldı. Və şübhəsiz ki, sənin Rəbbin, onların öz içlərində ixtilafa düşdükləri şeylər barədə qiyamət günü onların arasında həqiqətən hökm verəcək.

(70/16, Nəhl / 124)

Nəcm: 315

125. Rabbinin yoluna, haqsızlıq, fitnə-fəsad və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, düstur və qaydalarla, gözəl öyüd-nəsihətlə dəvət et! Və onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları ən yaxşı biləndir və O, yönləndirildikləri doğru yolda olanları da ən yaxşı biləndir.

(70/16, Nəhl / 125)

Nəcm: 316

126. Və əgər cəza verəcək olsanız da, sizin cəzalandırıldığınızın misli ilə [eynisi ilə] cəza verin. Və əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.

127. Sən səbrli ol! Sənin səbr etməyin də ancaq Allah ilədir. Onlar üçün kədərlənmə! Onların qurduqları hiylələrə görə ürəyini sıxma!

128. Şübhəsiz ki, Allah, Özünün mühafizəsi altına daxil olan və yaxşı-gözəl əməl işləyə kəslərlədir.

(70/16, Nəhl / 126-128)

Dipnot:

[i] Bax: 246 nömrǝli qeyd.

[ii] Bax: 71 nömrǝli qeyd.

[iii] Allah bǝzi şǝxslǝri mal, övlad, ömür vǝ ağıl baxımından digǝrlǝrindǝn üstün yaratmışdır. Mal baxımından üstün olanlar, sahib olduqları mallardan öz ǝllǝrinin altında işlǝyǝn adamlara bǝrabǝr miqdarda vermir, müǝyyǝn sǝbǝblǝrdǝn, müxtǝlif miqdarlarda verirlǝr. Bu adamlardan heç birini özlǝriylǝ eyni sǝviyyǝdǝ görmür, mallarını onlarla bölüşmürlǝr. Rǝbbimiz burada belǝ demǝk istǝyir: Siz belǝ ǝlinizin altında işlǝyǝn şǝxslǝri özünüzǝ ortaq [şǝrik] kimi qǝbul etmirsiniz, ağa ilǝ qul, işçi ilǝ sahibkar arasındakı fǝrqi qǝbul edirsiniz. Elǝ isǝ, Allah ilǝ Allahın yaratdığı qullar arasında fǝrq olmasını niyǝ qǝbul etmirsiniz? Allah, heç qullarını özünǝ ortaq [şǝrik] qǝbul edǝrmi?

Allahın Öz nemǝtlǝrini qullarına müxtǝlif miqdarlarda vermǝsi vǝ bu sǝbǝbdǝn bǝzi şǝxslǝrin digǝrlǝrindǝn üstün olması, ictimai nizamın qorunub saxlanması üçündür: Hǝyatda yuxarı-aşağı tǝbǝqǝlǝr arasındakı ǝlaqǝlǝr, ictimai hǝyatın içinǝ yerlǝşdirilǝn, insanların bir-birlǝriylǝ müxtǝlif ictimai ǝlaqǝlǝr qurmasına imkân verǝn vǝ bu ǝlaqǝlǝri yaratma tǝrzinǝ görǝ insanların imtahan edildiklǝri ilahi bir qaydadır. Buradakı dǝrǝcǝ-dǝrǝcǝ ucaltmaq isǝ hörmǝt, ehtiram, kǝramǝt baxımından yox, ekonomik güc, ağıl, zǝka, dǝrrakǝ, bilik baxımından fǝrqliliklǝri ifadǝ edir. Ekonomik güc, zǝka vǝ dǝrrakǝ baxmından hamı eyni olsaydı, o cǝmiyyǝtdǝ insanların bir-birinǝ iş gördürmǝsi, yǝni mǝşğulluq vǝ iş istehsalı mümkün olmazdı, onların mümkün olmadığı bir cǝmiyyǝtdǝ isǝ hǝyat dayanardı. Bu barǝdǝ bax: “Rǝsmi Müshǝf”ǝ görǝ: Zuxruf / 32, Nǝcm 258; Rum / 28, Nǝcm 379.

[iv] Bu ayǝdǝ, müqavilǝni pozan şǝxslǝr ipliyini möhkǝm ǝyirdikdǝn sonra onu söküb pozan qadına  oxşadılmışdır. Bir qadının, ǝyirib bükdüyü yunu tǝzǝdǝn pozmağa çalışması, ǝhdlǝrini pozan şǝxslǝri xarakterizǝ etmǝk mǝqsǝdi ilǝ işlǝdilǝn tǝsvirdir. Ərǝb mǝişǝtinǝ görǝ meydana gǝlǝn bu tǝşbehdǝ konkret olaraq müǝyyǝn bir qadının nǝzǝrdǝ tutulduğuna dair müxtǝlif qeydlǝr olsa da, aydındır ki, bu tǝşbeh, ǝhdini pozan bütün kişi vǝ qadınları ehtiva etmǝkdǝdir.

[v] Burada deyilǝn şǝhǝr, çox güman ki, Sǝba surǝsinin 5-21-ci ayǝlǝrindǝ (Nǝcm 223) bǝhs edilǝn Sǝba şǝhǝridir.

[vi] Xalq arasında “şǝnbǝ” günü olaraq bilinǝn sǝbt günü, insanların gündǝlik hǝyatlarıyla bağlı işlǝri [dünya işlǝrini] bir yana qoyaraq, onları heç firiklǝşmǝdǝn, ancaq Tanrının sözlǝrinǝ qulaq asdıqları vǝ onları dǝrin-dǝrin firiklǝşmǝyǝ zaman ayrıdıqları, yǝni hǝm bǝdǝnlǝrinǝ, hǝm bǝ ruhlarına istirahǝt verdiklǝri gündür.