HƏDİD SURƏSİ
MƏDİNƏ DÖVRÜ

HƏDİD SURƏSİ

Nəcm: 573

1. Göylərdə və yer üzündə olan şeylər, Allahı bütün nöqsanlıqlardan pak tuturlar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

2. Göylərin və yer üzünün hökmü yalnız Ona məxsusdur. O, dirildir və öldürür. O, hər şeyə ən yaxşı qadir olandır.

3. O, İlkdir, Sondur, Zahirdədir, Batindədir və O, hər şeyi ən yaxşı biləndir.

4. O, göyləri və yeri altı mərhələdə meydana gətirən, sonra ən böyük taxt üzərində hakimiyyət quran, yerə girəni, yerdən çıxanı da, göydən enəni, ona çıxanı biləndir. Və harada olsanız olun, O, sizinlədir. Və Allah sizin etdiklərinizi ən yaxşı görəndir.

5. Göylərin və yer üzünün hökmü yalnız Ona məxsusdur. Və bütün işlər yalnız Allaha [tərəf] qaytarılacaqdır.

6. O, gecəni gündüzün içinə daxil edər, güzdüzü də gecənin içinə daxil edər. O, qəlblərin içini ən yaxşı biləndir.

(94/57, Hədid / 1-6)

Nəcm: 574

7. Allaha və Elçisinə inanın. Sizi, sonradan sahibi etdiyi şeylərdən Allah yolunda xərcləyin / əvvəla öz yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin. Sizlərdən inanan və xərcləyən kəslər üçün çox böyük əvəz vardır.

8. Sizə nə olub ki, Elçi sizi Rəbbinizə inanmağa dəvət etdiyi halda, Allaha inanmırsınız? Halbuki O, –əgər siz inanırsınızsa– sizdən inanacağınız haqda ‘möhkəm əhd’ almışdı.

9. Allah, sizi qaranlıqdan işığa çıxarmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edəndir. Və şübhəsiz ki, Allah, sizə qarşı çox şəfqətli, çox mərhəmətlidir.

(94/57, Hədid / 7-9)

Nəcm: 575

10. Göylərin və yerin son sahibliyinin Allaha məxsus olmasına baxmayaraq, niyə siz Allah yolunda xərcləmirsiniz? Sizlərdən, fəthdən əvvəl xərcləyən və döyüşən kəs bərabər [eyni] olmaz. Onlar, dərəcə baxımından, sonradan Allah yolunda xərcləyən və döyüşən kəslərdən daha üstündür. Bununla birlikdə, Allah hamısına “ən gözəli” vəd etmişdir. Və Allah sizin əməllərinizin xəbərdardır.

11. Kimdir o, Allaha gözəl bir borc verəcək adam ki, Allah da onun üçün [bunun əvəzini] qat-qat artırsın! Onun üçün şərəfli bir mükafat da var.

(94/57, Hədid / 10-11)

Nəcm: 576

12. O gün, mömin kişilərin və qadınların, əllərinin arasında və sağlarından işıqları olduğu halda qaçdığını görəcəksən. –Bu gün müjdəniz altlarından çaylar axan, içində əbədi qalacağınız cənnətlərdir. Bax bu, məhz çox böyük qurtuluşdur!–

13. O gün münafiq kişilər və münafiq qadınlar, o iman edən kəslərə: “Bizə baxın, sizin ışığınızdan alaq” deyərlər. [Onlara] deyildi ki: “Arxanıza dönüb işıq axtarın!” Sonra da aralarına, qapısının içində rəhmət, çölündə isə o tərəfindən əzab olan bir divar çəkiləcək.

14,15. Onlara: “Biz sizinlə birlikdə deyildikmi?” deyə müraciət edəcəklər. Möminlər deyəcəklər: “Bəli amma, siz öz canlarınızı atəşə saldınız, gözlədiniz, şübhəyə düşdünüz və xam xəyallar sizi aldatdı. Nəhayət, Allahın əmri gəlib çatdı. O çox aldadan, sizi, Allah ilə aldatdı. Bu gün artıq sizdən qurtulmaq üçün fidyə qəbul edilməz, kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdən] də. Sizin gedəcəyiniz yer oddur. O, sizə yaraşandır. O, necə pis bir qayıdış yeridir! ”

(94/57, Hədid / 12-15)

Nəcm: 577

16. İnananlar üçün hələ vaxtı gəlib çatmadımı ki, qəlbləri Allahı xatırlamaq və haqdan nazil olan [şey] üçün ürpərsin, [beləliklə] daha əvvəl Kitab verilmiş, sonra üstündən uzun müddət keçmiş, bu səbəbdən qəlbləri sərtləşmiş kəslər kimi olmasınlar. Onların çoxu da yoldan çıxmışdır.

17. Allahın, yer üzünü, ölümündən sonra diriltdiyini bilin. Bəlkə ağlınızı işlədərsiniz deyə, Biz, sizin üçün ayələri açıq-aşkar meydana qoyduq.

18. Şübhəsiz, sədəqə verən kişilər və sədəqə verən qadınlar və Allaha gözəl bir borc verənlər [ki var]; onlar üçün [bunların əvəzi] qat-qat artırılacaq. Onlar üçün çox şərəfli bir mükafat da var.

19. Allaha və Elçisinə inanan kəslər; öz Rəbbi dərgahında doğru kəslər və şəhidlər məhz onlardır. Onlar üçün əvəzi və işıqları var. Təkzib edən və ayələrimizi yalan hesab edən kəslər də, cəhənnəm əhlidir.

20. Bilin ki, fani dünya həyatı, ancaq bir oyun, cazibədar bir əyləncə, bir bəzək, öz aranızda öyünmək, mal və övladları çoxaltmaq yarışıdır. –Elə bir yağış misali kimi ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gəlir, sonra quruyar, bir də baxarsan ki, sapsarı olub, sonra da çör-çöpə dönüb.– Axirətdə isə şiddətli bir əzab; Allahdan bir bağışlama və bir razılıq gözləyir. Dünyadakı müvəqqəti həyat aldatma malından, [aldatma] vəsaitindən başqa bir şey deyil.

21. Rəbbiniz tərəfindən bağışlanma, Allaha və elçilərinə iman gətirənlər üçün hazırlanmış, genişliyi göylə yerin genişliyi kimi olan cənnət üçün yarışın. Bax bu, Allahın, istədiyinə verdiyi hədiyyədir. Onu dilədiyinə verər. Və Allah, böyük lütf sahibidir.

22-24. Yer üzündə və [insanların] özlərinin içində baş verən fəlakətlər –əlinizdən çıxana kədərlənməməyiniz və Allahın sizə verdiyi şeylərlə qürrələnməməyiniz üçün– Biz onu ​​yaratmamışdan qabaq, həqiqətən bir kitabda mövcuddur. Şübhəsiz ki, bu, Allaha görə çox asandır. Və Allah, xəsislik edən və insanlara da xəsisliyi əmr edən, özünü bəyənib öyünən kəsləri sevməz. Kim üz döndərsə də, bilin ki, şübhəsiz, çox zəngin, heç bir şeyə möhtac olmayan, təriflənən, tərifə layiq olan məhz Allahdır.

(94/57, Hədid / 16-24)

Nəcm: 578

25. And olsun ki, Biz elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik və [onlarla] birgə kitabı və ölçünü nazil etdik ki, insanlar haqq-ədalətə riayət etsinlər və Allah [Öz] dininə və elçilərinə, heç kimin görmədiyi və tanımadığı yerlərdə yardım edənləri müəyyənləşdirsin / nişanlayıb göstərsin. Biz, özündə böyük bir qüvvə və insanlar üçün mənfəətlər ehtiva edən dəmiri də nazil etdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üstündür.

26. Və and olsun, Nuhu və İbrahimi elçi [olaraq] göndərdik, peyğəmbərliyi və kitabı bu ikisinin nəsillərində davam etdirdik. Sonra, onlardan bəziləri doğru yolu tapan, onlardan bir çoxu da haqq yoldan çıxmış kəslərdir.

27. Sonra, onların arxasınca ard-arda elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da onların arxasınca göndərdik; ona İncili verdik və ona tabe olan kəslərin qəlblərinə bir şəfqət və mərhəmət yerləşdirdik. Uydurduqları rahiblik [ki var]; onu, onların üstünə Biz yazmadıq. Yalnız Allah rizasını qazanmaq üçün meydana çıxardılar. Sonra da buna layiqincə riayət etmədilər. Sonra da Biz onlardan iman edən kəslərə əvəzini verdik. Onlardan bir çoxu da haqq yoldan çıxmış olanlardır.

(94/57, Hədid / 25-27)

Nəcm: 579

28,29. Ey iman etmiş kəslər! Allahın mühafizəsi altına daxil olun, Onun Elçisinə inanın ki –Kitab əhli, Allahın bəxşişlərindən heç bir şey əldə edə bilməyəcəklərini və şübhəsiz, bəxşişlərin Allahın əlində olduğunu, onu istədiyinə verdiyini bilsinlər deyə– Allah sizə Öz mərhəmətindən iki pay versin, sizin üçün işığında gedəcəyiniz bir işıq versin və sizi bağışlasın. Allah çox bağışlayan, çox mərhəmət edəndir. Və Allah, böyük lütf sahibidir.

(94/57, Hədid / 28-29)